ETN İnformasiya Texnologiyaları İnstitutunun bir sıra əməkdaşlarından ibarət nümayəndə heyəti tədqiqat və təhsil şəbəkələri sahəsində dünyanın ən nüfuzlu və genişmiqyaslı tədbirlərindən biri olan TNC25 konfransında iştirak ediblər. Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəhbərlik edib. Heyətin tərkibinə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və baş mütəxəssis Könül Əliyeva daxil olub.
İngiltərənin Brayton şəhərində keçirilən, Birləşmiş Krallığın Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (JISC) ev sahibliyi etdiyi konfrans bu il “Birlikdə daha parlaq” (“Brighter Together”) şüarı ilə təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd GEANT-ın tədqiqat və təhsil ictimaiyyətinin bütün üzvlərini bir araya gətirməkdir.
GEANT Assosiasiyası tərəfindən təşkil olunan konfransda 72 ölkədən 900-dən çox alim və mütəxəssis bir araya gəlib. TNC25 çərçivəsində süni intellektin tədqiqat və təhsil mühitində tətbiqi, şəbəkələrin avtomatlaşdırılması, kibertəhlükəsizlik, elmi bulud infrastrukturu, Trust & Identity, Açıq Elm (Open Science) və e-infrastrukturlar, kvant hesablama və rabitə texnologiyaları, böyük həcmli məlumatlar (Big Data), rəqəmsal suverenlik (digital sovereignty) və inklüziv texnologiyalar kimi aktual mövzularda paralel iclaslar və plenar sessiyalar keçirilib, tədqiqat və təhsil şəbəkələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, interaktiv sərgilər nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyəti TNC25 çərçivəsində keçirilən bir sıra sessiyalarda üzv ölkələrin tədqiqat və təhsil şəbəkələrinin nümayəndələri ilə əməkdaşlıq imkanlarına dair müzakirələrdə iştirak ediblər. Müzakirələr zamanı tədbir çərçivəsində əldə olunan təcrübənin ölkəmizin elm və təhsil infrastrukturunun beynəlxalq mühitə inteqrasiyasına töhfə verəcəyi bildirilib, təqdim olunan innovativ yanaşmaların AzScienceNet şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi və infrastrukturunun gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Akademik Rasim Əliquliyev konfrans çərçivəsində milli tədqiqat və təhsil şəbəkələrinin rəhbərləri üçün təşkil olunan yüksək səviyyəli “CEO track” sessiyasında iştirak edib. İclasda rəqəmsal transformasiya, süni intellekt və kvant texnologiyaları, eləcə də regional və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Akademik Rasim Əliquliyev sessiya çərçivəsində Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayan, milli operator funksiyasını yerinə yetirən AzScienceNet şəbəkəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, GEANT Assosiasiyası ilə birgə layihələrin davam etdirilməsi, regional texnoloji təşəbbüslərdə Azərbaycanın fəal iştirakı və əməkdaşlığın inkişafına dair təkliflərini irəli sürüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.