İnstitutun şöbə müdiri MDU-nun Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində İmtahan Komissiyasının işində iştirak edib

19 İyun 2025 - 11:19 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunun M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən təşəbbüslər elm və təhsilin inteqrasiyasının əhəmiyyətli nümunəsidir.

Məlum olduğu kimi, İnformasiya Texnologiyaları İnstitutu qarısında duran mühüm vəzifələrdən biri də ölkənin ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin təşkilidir. Bu istiqamətdə MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, MDU-nun Bakı filialının tələbələri institutda istehsalat təcrübəsi keçir, həmçinin institutun mütəxəssisləri “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvü kimi iştirak edirlər. 

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın MDU-nun Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində 02.03.01 – “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü kimi komissiyanın işində iştirakı da bu qəbildəndir. 

G.Nəbibəyova 31 may, 3-4 iyun 2025-ci il tarixlərdə universitetin bakalavr və magistratura pillələrinin buraxılış kurs tələbələrinin dövlət attestasiyası üzrə təşkil edilmiş Dövlət İmtahan Komissiyasının və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində iştirak edib.

Qeyd edək ki, MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə əsasında hər il bu ali məktəbin “Tətbiqi riyaziyyat” fakültəsinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Təcrübə zamanı informasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanır. Həmçinin tələbələrin elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi və s. kimi bacarıqları inkişaf etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.