Hindistanın Kalinqa Sənaye Texnologiyaları İnstitutunun əməkdaşı, dosent Vişal Pradhan ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımova müraciət edərək elmi fəaliyyətini institutla əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətində olduğunu bildirib.
O, dosent Tofiq Kazımovun rəhbərlik etdiyi şöbədə proqramlaşdırma və proqram təminatının etibarlılığı sahəsində aparılan araşdırmaları, əldə olunan elmi nailiyyətləri yüksək qiymətləndirib. V. Pradhan müvafiq sahədə elmlər doktoru elmi dərəcəsi və professor adını almaq üçün dos. T. Kazımovdan onun elmi məsləhətçisi olmasını xahiş edib.
V. Pradhan məktubunda proqram təminatının etibarlılığının qiymətləndirilməsi üzrə 3 illik elmi-tədqiqat və pedaqoji təcrübəyə malik olduğunu vurğulayıb. O, həmçinin təmsil etdiyi ali təhsil müəssisəsinin İnformasiya Texnologiyaları İnstitutu ilə bilik və təcrübə mübadiləsinin aparılmasında, elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu ifadə edib.
Hazırda tərəflər arasında ilkin əlaqələrin qurulması prosesi davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.