Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib

19 May 2025 - 14:02 | Konfranslar, İclaslar
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib

ETN İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü, eləcə də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün 1865-ci il may 17-də Beynəlxalq Teleqraf İttifaqının (indiki Beynəlxalq Telekommunikasiya İttifaqı – BTİ) əsasının qoyulması ilə bağlı olduğunu, 2005-ci ilədək bu tarixin Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edildiyini söyləyib. Bildirib ki, BMT-nin qərarı ilə 2006-cı ildən etibarən 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.

Alim həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu Sərəncamın institutun qarşısında yeni vəzifələr və problemlər qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, İnformasiya Texnologiyaları İnstitutu da Sərəncamdan irəli gələn vəzifələrin icrası prosesində fəal iştirak edərək, müvafiq istiqamətdə tədbirlər həyata keçirir, elmi tədqiqatlar aparır.

Sonra akademik R.Əliquliyev “Dövlətin kibersuverenliyi: problemlər, konseptual yanaşmalar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Alim ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri kimi İKT-nin cəmiyyətin bütün sferalarında, vətəndaşların həyatında geniş və sürətlə tətbiqinin yeni reallıqlar, imkanlar, perspektivlər, həmçinin çox ciddi risklər və təhlükələr yaratdığını diqqətə çatdırıb. Alim çıxışında kibersuverenliyin mahiyyəti, məqsəd və vəzifələri, kibersuverenlik və dövlət siyasəti, milli kibersuverenliyə qarşı təhlükələr və risklər, beynəlxalq səviyyədə ölkələrin kibersuverenliyinin təmin olunmasına yanaşmalar və baxışlar, eyni zamanda kibersuverenliyin təmin olunması sahəsində multidissiplinar elmi-nəzəri və praktiki problemlərdən bəhs edib.

Tədbirdə institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov “Rəqəmsal suverenlik: qlobal çağırışlar, problemlər və həllər” mövzusunda çıxış edib. Bildirib ki, rəqəmsal suverenlik dövlətin öz rəqəmsal infrastrukturunu, məlumat və informasiya axınlarını müstəqil olaraq müəyyən etmək və idarə etmək imkanına malik olmasıdır. Məruzəçi kiberməkanda suverenliyə dair yanaşmalar, rəqəmsal suverenliyin komponentləri və bu sahədə beynəlxalq təcrübədən bəhs edib. Həmçinin rəqəmsal suverenliyə dair baxışlar, Avropa təcrübəsində rəqəmsal suverenlik konsepsiyasının əsas prinsipləri, rəqəmsal suverenliyin təmin olunması üçün həllər, mövcud problemlər və çağırışlar barədə danışıb.

Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Data müstəmləkəçiliyi və data suverenliyi” adlı məruzəni təqdim edib. Məruzəçi data müstəmləkəçiliyinin hökumətlər, qeyri-hökumət təşkilatları və korporasiyaların istifadəçilər və vətəndaşlar tərəfindən istehsal olunan məlumatlara sahiblik iddiası və özəlləşdirmə prosesi olduğunu diqqətə çatdırıb. Alim qeyd edib ki, data suverenliyi rəqəmsal datanın toplandığı və ya saxlandığı ölkənin qanunları ilə idarə olunması prinsipinə istinad edir. R.Alıquliyev data suverenliyi sahəsində beynəlxalq təcrübədən söz açıb, data suverenliyinin təmin edilməsi üçün əsas tələblər, mövcud problemlər, o cümlədən data suverenliyi ilə bağlı keçirilmiş konfranslar haqqında məlumat verib.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, sual, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.