Kiberfiziki sistemlərin kiberdayanıqlılığı üçün enerji effektivliyi məsələləri araşdırılır

02 May 2025 - 09:00 | Konfranslar, İclaslar
Kiberfiziki sistemlərin kiberdayanıqlılığı üçün enerji effektivliyi məsələləri araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş növbəti elmi seminarda “Kiberfiziki sistemlərin kiberdayanıqlılığı üçün enerji effektivliyi: müasir yanaşmalar və texnologiyalar” mövzusunda məruzə dinlənilib.

Məruzəni institutun baş mühəndisi Şakir Mehdiyev təqdim edərək kiberfiziki sistemlərin arxitektur-texniki konsepsiyasında enerji təminatının əhəmiyyətli dərəcədə vacib bir element olduğunu qeyd edib. Bildirib ki,  KFS arxitekturasında enerji komponentinə kifayət qədər diqqət yetirilməyib.

O, kiberfiziki sistemlərin enerji təhlükəsizliyi konsepsiyasını təqdim edib, sensor qovşaqlarının iş rejimləri haqqında məlumat verib. Məruzəçinin sözlərinə görə, sensor qovşaqlarında enerji istehlakı ilk növbədə, məlumatların qəbulu, ötürülməsi, ölçmə və emal prosseslərindən yaranır. Məhdud enerji resursları onların etibarlılığına və kiberdayanıqlılığına birbaşa təsir edir.

Məruzəçi sensor şəbəkələri üçün ən tanınmış klasterləşmə alqoritmlərindən biri olan LEACH (Low-Energy Adaptive Clustering Hierarchy) alqoritmi, eləcə də PEGASIS (Power-Efficient Gathering in Sensor Information Systems), TEEN (Threshold-sensitive Energy Efficient Network) və digər alqoritmlər barədə məlumat verib, 200 sensorlu virtual sensor şəbəkəsinin LEACH k-means alqoritmi ilə simulyasiyasını təqdim edib.

Ş.Mehdiyev PEZCA (Power-Efficient Zoning Clustering Algorithm) alqoritminin klasterlər daxilində və ya klasterlər arasında çoxaddımlı məlumat ötürülməsini dəstəkləyən alqoritmlərdən biri olduğunu qeyd edib. O, həmçinin enerjinin tükənməsinə yönəlmiş hücumlarının aşkarlanması və onlarla mübarizə üsulları barədə danışıb.

Məruzəçi qeyd edib ki, enerji səmərəliliyinin artırılmasına yönəlmiş texnologiyaların inkişafı ilə qovşaqların enerji sərfiyyatı xüsusiyyətlərindən istifadə edən yeni hücum vektorları meydana çıxır. Enerjinin tükənməsinə yönəlmiş hücumlar qovşaqların enerji sərfiyyatını manipulyasiya etmək məqsədi daşıyır və onların işini əhəmiyyətli dərəcədə poza bilir: “Klassik kiberhücumlardan fərqli olaraq, enerjinin tükənməsinə yönəlmiş hücumlar enerjini normaldan daha tez sərf etməsinə səbəb olaraq qovşaqları sıradan çıxarır”.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə kiberfiziki sistemlərin kiberdayanıqlılığı problemlərinin dərindən araşdırılmasının əhəmiyyətini qeyd edib. Alim səsləndirilən təklif və tövsiyələr nəzərə alınmaqla tədqiqatın nəticələrinin nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.