Teatr və bədiiləşdirmə sahəsində süni intellekt texnologiyalarının tətbiqi imkanları tədqiq olunur

29 Aprel 2025 - 09:24 | Konfranslar, İclaslar
Teatr və bədiiləşdirmə sahəsində süni intellekt texnologiyalarının tətbiqi imkanları tədqiq olunur

Son illərdə mədəniyyət və incəsənət sahələrində süni intellekt texnologiyalarının tətbiqi geniş yayılmışdır. Texnoloji yeniliklər, o cümlədən süni intellekt müasir teatr sənətinin ayrılmaz hissəsinə çevrilmişdir. Virtual və əlavə reallıq, səs modelləşdirmə yaradıcı şəxslərə yeni, interaktiv sənət əsərləri yaratmaq imkanı verən texnoloji sıçrayış hesab olunur. Bu texnologiyalar Dördüncü Sənaye İnqilabının ən son texnologiyalarından biri kimi yaradıcılıq üçün geniş imkanlar açır.

Bu fikirləri AR İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Əfruz Qurbanova “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-nəzəri konfransda çıxışı zamanı səsləndirib.

Tədqiqatçı konfransın “Süni intellekt alətlərinin praktikada tətbiqi nümunələri” adlı bölmə iclasında institutun baş mütəxəssisi Mehriban Bağırova ilə həmmüəllif olduqları “Teatr və bədiiləşdirmə sahəsində süni intellekt texnologiyalarının tətbiqi imkanları və perspektivləri” mövzusunda məruzəni təqdim edib.

Ə.Qurbanova qeyd edib ki, müasir teatr süni intellekt və rəqəmsal texnologiyaların təsiri ilə yeni mərhələyə qədəm qoymuşdur, belə ki, müasir teatrlarda qabaqcıl işıqlandırma sistemləri, səs gücləndirilməsi, rekvizitlər və dekorasiya üçün 3D çap da daxil olmaqla mürəkkəb texnologiyadan istifadə olunur.

Süni intellekt texnologiyalarının tətbiqi ilə teatr təcrübəsinin və tamaşaçılarla qarşılıqlı əlaqənin yeni formalarının yaradılması perspektivlərindən danışan Ə.Qurbanova ideyalar, interaktiv elementlər yaratmaq və baxış təcrübəsini fərdiləşdirmək üçün bu texnologiyalardan geniş istifadə olunduğunu diqqətə çatdırıb.

O, həmçinin teatrda süni intellektdən istifadənin etik və estetik aspektləri, eləcə də onun ənənəvi teatr təcrübələrini dəyişdirmək potensialı barədə məlumat verib.

“Texnoloji tərəqqinin teatr sahəsinə təsirini artıran əsas yeniliklərdən biri də səs imitasiyasıdır”, -  deyən məruzəçi səsin imitasiyası və süni intellekt texnologiyalarının teatrda səsləndirmə və aktyor performanslarının canlandırılmasında yeni imkanlar açdığını bildirib. Ə.Qurbanovanın sözlərinə görə, süni intellektin yaratdığı səs effektləri, insan səslərinin rekonstruksiyası, hətta vəfat etmiş sənətkarların səsini yenidən səhnəyə qaytarmaq kimi innovativ üsullar teatr sənətində artıq tətbiq olunur.

Rəqəmsal teatrın üstünlükləri ilə yanaşı, bəzi çətinliklərinin də mövcud olduğunu deyən Ə.Qurbanova texnoloji məhdudiyyətlərin bəzi tamaşaçılar üçün əlçatanlığı məhdudlaşdıra biləcəyini, eləcə də canlı əlaqənin itirilməsi kimi texniki məhdudiyyətlərlə bağlı problemlərə səbəb ola biləcəyini də əlavə edib.

Məruzə ətrafına müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.