ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb, iclasda qarşıda duran vəzifələrin icrası və institutun fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələrin aparılacağını bildirib.
İnstitutun şöbə müdiri Aytən Nəbiyeva çıxış edərək struktur bölmələrdə aktual problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan tədqiqatlarla bağlı icmalların hazırlanması, eləcə də institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair ətraflı məlumat verib.
Sonra akademik Rasim Əliquliyev dövlət başçısının cari il martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrin icrası haqqında danışıb. Alim strategiyanın ölkəmizdə süni intellekt problemlərinin həlli baxımından önəmini qeyd edib, bu sənədin müvafiq dövlət qurumları, eyni zamanda ölkənin alim və mütəxəssislərinin qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.
Strategiyanın əsas hədəflərindəndən bəhs edən akademik R.Əliquliyev, süni intellektin müxtəlif dövlət orqanlarının fəaliyyətində geniş tətbiqi, süni intellekt sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, eyni zamanda Azərbaycanın maraqlarının və təhlükəsizliyinin qorunması, müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrdən bəhs edib.
AMEA-nın vitse-prezidenti strategiyada süni intellekt ekosisteminin formalaşması və inkişafının təmin edilməsi, müvafiq sahədə normativ-hüquqi bazanın inkişaf etdirilməsi, süni intellekt mədəniyyətinin formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması və digər məsələlərə diqqət ayrıldığını vurğulayıb.
İnstitutun baş direktoru hər bir əməkdaşı süni intellekt strategiyasından irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, süni intellektin aktual problemləri ilə bağlı tədqiqatları genişləndirməyə çağırıb.
Sonra akademik R.Əliquliyev institut əməkdaşlarının elmin populyarlaşdırılması və təbliğinin səmərəliliyinin artırılması haqqında danışıb. İnstitutda fəaliyyət göstərən alim və mütəxəssisləri, gənc tədqiqatçıları, elmi bilikləri təbliğ etməyə, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə fəal olmağa, bilik və təcrübələrini paylaşmağa çağırıb.
İnstitutun elmi katibi Nərmin Adıgözəlova institut əməkdaşlarının Azərbaycan Elm Fondu tərəfindən keçiriləcək “Əsas Qrant Müsabiqəsi-2025”, Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi, “Qarabağ - Azərbaycandır!”-3 qrant müsabiqəsi və 14-cü “Mobillik qrantı”na təqdim edilən işlər haqqında məlumat verib.
“Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfransın nəticələri haqqında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov danışıb. O, institut əməkdaşlarının konfransda fəal iştirak etdiklərini, onların süni intellektin mədəniyyət və incəsənət sahəsində tətbiqinə dair məruzələrinin tədbir iştirakçıları tərəfindən maraqla qarşılandığını söyləyib.
Elmi şuranın iclasında həmçinin “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransına hazırlıq, “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika” elmi-praktiki konfransının keçirilməsi, EaPConnect layihəsi çərçivəsində eduROAM texnologiyasına dair seminarın təşkili, eləcə də bir sıra cari məsələlərə dair ətraflı müzakirələr aparılıb, müfaviq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.