ETN İnformasiya Texnologiyaları İnstitutunda iki struktur bölmənin “Yüngülçəkili kriptoqrafiya və steqanoqrafiyadan istifadə edərək PUA uçuş məlumatlarının məxfiliyinin qorunması” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirilib.
Məruzəni təqdim edən institutun doktorantı Orxan Vəlixanlı pilotsuz uçuş aparatları (PUA) ilə Yerüstü İdarəetmə Sistemi (YİS) arasında rabitə əlaqələrinin mövcud olduğunu, məlumatların müxtəlif vasitələr ilə ötürüldüyünü bildirib.
Tədqiqatçı həmçinin bu sahədə rast gəlinən problemləri nəzərə çatdırıb. Qeyd edib ki, PUA tərəfindən göndərilən məlumatlar adətən simsiz rabitədən istifadə edir. Bu da göndərilən məlumatların kibercinayətkarlar tərəfindən ələ keçirilməsinə şərait yaradır. Tədqiqatçının sözlərinə görə, PUA tərəfindən göndərilən məlumatların əksər hallarda şifrlənməməsi, kiberhücumçuların ötürülən məlumatları asanlıqla dəyişdirə bilməsi, məlumatların gizliliyinin qorunması üçün yanaşmaların kifayət qədər olmaması və ya zəif metodlardan istifadə olunması bu istiqamətdə mövcud çatışmazlıqlar sırasındadır.
Daha sonra O.Vəlixanlı müxtəlif əvəzetmə şifrləri, kriptoqrafik heş funksiyaları, psevdotəsadüfi ədədlər generatorları, simmetrik şifrləmə metodları və s. haqqında məlumatları diqqətə çatdırıb.
Tədqiqatçı aşkarlanmaqdan yayınmaq üçün digər məlumat və ya obyektlər daxilində məxfi məlumatları gizlətmək üsulu olan steqanoqrafiyanın növləri, əsas anlayışları, istifadə olunan metodlar haqqında ətraflı məlumat verib. Steqanoqrafiyada sadə və sürətli olması səbəbindən geniş istifadə olunan üsul olan ən kiçik bit metodu barədə danışıb. Qeyd edib ki, bu metod təsvirin piksel dəyərlərinin ən az əhəmiyyətli olan bitlərini dəyişdirir. “Bu bitlər piksel rənginə demək olar ki, təsir etmədiyi üçün dəyişikliklər nəzərə çarpmır”, – deyə O.Vəlixanlı əlavə edib.
O, tədqiqat işində təklif olunmuş yanaşmanın ümumi iş prinsipini də diqqətə çatdıraraq qeyd edib ki, əvvəlcə PUA uçuş məlumatları müxtəlif kriptoqrafik metodlardan istifadə olunaraq şifrlənib, daha sonra isə şifrlənmiş məlumatlar steqanoqrafik alqoritmin tətbiqi ilə havadan çəkilmiş şəklin daxilində gizlədilib. O.Vəlixanlı tədqiqat zamanı istifadə olunmuş metrikalar, eləcə də əldə olunmuş nəticələr barədə məlumat verib. O, həmçinin, əldə olunmuş nəticələrin digər işlər ilə müqayisəli analizininin aparıldığını qeyd edib.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədqiqat işinə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı aparılan araşdırmalara, əldə olunan nəticələrə münasibətini bildirib. Alim PUA uçuş məlumatlarının şifrlənməsi və ya gizlədilməsi yolu ilə məxfiliyinin qorunması istiqamətində tədqiqatların aparılmasının müasir dövrün tələbi olduğunu bildirib. Akademik R.Əliquliyev aparılan tədqiqatlarda texnoloji proseslərin ardıcıllığının təmin olunmasının və əldə olunan nəticələrə dair məqalələrin nüfuzlu jurnallarda çap olunmasının əhəmiyyətini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.