ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev iclasda institutun bir sıra doktorant və dissertantının elmi fəaliyyəti, tapşırıqların icra vəziyyəti, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan elmi toplantılar, “Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiyanın hazırlanması və digər cari məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra institutun şöbə müdiri Aytən Nəbiyeva çıxış edərək struktur bölmələrdə aktual problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan tədqiqatlarla bağlı icmalların hazırlanması, eləcə də institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair ətraflı məlumat verib.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı haqqında çıxış edib. O, bildirib ki, Konsepsiyada dövlət idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, rəqəmsal inkişafın arxitekturasının qurulması, üumumilikdə ölkə üzrə rəqəmsal inkişaf ekosisteminin formalaşdırılması, rəqəmsal hökumət arxitekturasının qurulması kimi mühüm məsələlər öz əksini tapmışdır.
F.Yusifov bildirib ki, konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal məhsul və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşdırma proseslərinin optimallaşdırılması, özəl sektorun rəqəmsallaşdırılmasının dəstəklənməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm strateji vəzifələr qoyulmuşdur.
Akademik Rasim Əliquliyev çıxış edərək institutun fəaliyyətinin elmi-nöqteyi nəzərdən Rəqəmsal İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələrə uyğun təşkil olunduğunu, bu elmi qurumda prioritet istiqamətlərdə aparılan bütün tədqiqatların dövlət başçısı tərəfindən müvafiq sahədə qəbul edilən fərman və sərəncamların icrasına yönəldiyini vurğulayıb.
“Konsepsiyanın əsas məqsədi ölkə səviyyəsində rəqəmsal dövləti qurmaqdır”, – deyən alim bu sənədi elmi nöqteyi-nəzərdən yüksək qiymətləndirib, institut əməkdaşlarına Konsepsiyanın əsas müddəaları ilə yaxından tanış olmağı, bu sənəddən irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyi tövsiyə edib.
AMEA-nın vitse-prezidenti həmçinin ölkəmizdə elektron dövlətin meydana gəlməsi və təşəkkülü tarixinin araşdırılmasının vacibliyini vurğulayıb.
Akademik Rasim Əliquliyev 2025-ci ildə keçirilməsi nəzərdə tutulan elmi toplantılar haqqında da məlumat verib. İl ərzində AzScienceNet-in mövcud vəziyyəti, imkanları və perspektivləri, rəqəmsal tibb 4.0: problemləri, müasir incəsənət məkanında süni intellekt problemləri və digər aktual mövzulara həsr olunmuş tədbirlərin keçiriləcəyini söyləyib.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, Zemfira Rəhimova və Minarə Manaflının “Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiyası ilə bağlı prof. Məsumə Məmmədova çıxış edib. Alim monoqrafiyanın əsas məzmunu, aparılan tədqiqatlar və əldə olunan əsas nəticələr haqqında ətraflı məlumat verib.
İclasda institutun elmi katibi Nərmin Adıgözəlova da Azərbaycan Elm Fondunun elan etdiyi 14-cü “Mobillik qrantı”, “Əsas Qrant Müsabiqəsi-2025”, Gənc alim və tədqiqatçıların 9-cu qrant müsabiqəsi və digər qrant layihələri haqqında məlumatları diqqətə çatdırıb.
Tədbirdə həmçinin bir sıra cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.