ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi (birinci və ikinci fəsillər) üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra dos. Ş.Mahmudova “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənməsi” adlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti və predmeti, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tədqiqat üsulları və s. haqqında ətraflı məlumat verib.
Məruzəçinin sözlərinə görə, AR Prezidentinin Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, eləcə də “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”ndan irəli gələn məsələlər, süni intellektin insanların qarşısında yeni perspektivlər açması və intellektual texnologiyalardan istifadə etməklə keyfiyyətli proqram sistemlərinin hazırlanması, o cümlədən proqram sistemlərinin ənənəvi üsullarla yaradılmasında çətinliklərin olması və s. dissertasiya işinin aktuallığını şərtləndirir. O, həmçinin proqram sistemlərinin səmərəliliyinin artırılmasında və təhlükəsizliyinin təmin olunmasında bir sıra problemlərin mövcud olduğunu, intellektual proqram sisteminin yaradılmasında Soft Computing texnologiyaların tətbiqinin və intellektual proqram sistemlərinin (İPS) sintezi üçün işlənən proqramların az olduğunu, həmçinin ölkəmizdə proqram təminatının milli maraqlara uyğunlaşdırılması zərurətinin yarandığını diqqətə çatdırıb.
Ş.Mahmudova dissertasiya işinin məqsədinin çoxmeyarlı qərarların qəbulu üsullarından, müxtəlif təyinatlı texnologiyalardan, tətbiqi sistemlərdən və proqram sisteminin təhlükəsizliyinin təmin olunması üsullarından istifadə etməklə intellektual proqram sisteminin sintezi üçün model, metod və alqoritmin işlənməsindən ibarətdir.
Tədqiqatçı dissertasiya işində müdafiəyə çıxarılan əsas müddəaları təqdim edib. O, tədqiqat işi çərçivəsində proqram sisteminin istifadəsinin rahatlığını təmin edən göstəricilərin, eləcə də proqram sisteminin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi, proqram sisteminin təhlükəsizliyinin təmin olunması, müxtəlif təyinatlı texnologiyalardan istifadə etməklə proqram sisteminin sintezi istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib.
Ş.Mahmudova bildirib ki, tədqiqat metodları qeyri-səlis çoxluqlar nəzəriyyəsi, çoxkriteriyalı seçim və ranqlaşdırma metodları, Soft Computing texnologiyaları, alqoritmlər nəzəriyyəsi, iyerarxik analiz metodu, iyerarxik klasterləşdirmə metodu, riyazi statistika metodlarına əsaslanır.
Tədqiqatçı dissertasiya işinin birinci və ikinci fəsilləri üzrə əldə olunmuş elmi nəzəri nəticələri diqqətə çatdırıb. Qeyd edib ki, tədqiqat işi çərçivəsində intellektual proqram sisteminin strukturu, növləri, klassifikasiyası və s. tədqiq edilmiş, proqram sistemlərinin yaradılmasının texnoloji prosesinin təşkili üsulları araşdırılmış, proqram mühəndisliyinin problemləri tədqiq edilmiş, intellektual proqram sistemlərinin konseptual əsasları işlənmiş, onun yaradılmasında Soft Computing texnologiyalarının tətbiqlərinin müxtəlif aspektləri və tətbiq sahələri tədqiq edilmişdir. Həmçinin əlavə edib ki, proqramlaşdırma dillərinin qiymətləndirilməsi üçün kriteriyalar müəyyən edilmiş və effektivliyin, proqram sistemlərinin məhsuldarlığının yüksəldilməsi üçün alqoritm işlənmiş, o cümlədən Big Data analitik platformasında proqramlaşdırma dillərindən səmərəli istifadə edilməsi üsulları təhlil edilmişdir.
Məruzəçi bildirib ki, tədqiqatın nəticələri 8-i Web of Science, 10-u Scopus bazasında olmaqla ümumilikdə 53 nəşrdə, 2 kitabda öz əksini tapmışdır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.
Daha sonra akademik Rasim Əliquliyev doktorluq işi çərçivəsində aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən akademik R.Əliquliyev intellektual proqram sistemlərinin yaradılması və layihələndirilməsi problemlərinin dərindən tədqiq olunmasının müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini bildirib. Alim dissertasiya işi ilə bağlı səsləndirilən təklif və tövsiyələrin nəzərə alınmasının vacibliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.