İnstitutda distant təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar davam etdirilir

11 Mart 2025 - 11:47 | Konfranslar, İclaslar
İnstitutda distant təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar davam etdirilir

ETN İnformasiya Texnologiyaları İnstitutunda Big data analitikası və data mining problemləri çərçivəsində distant təhsilin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur.

Bu barədə institutun Elmi şurasının iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi struktur bölmənin 2025-ci il üzrə fəaliyyət planının müzakirəsində məlumat verib.

Şöbə müdiri qeyd edib ki, cari ildə struktur bölmənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti üzrə icra olunan “Education 4.0 platformasında elektron təhsil sistemin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə Education 4.0 platformasında distant təhsilin  formalaşmasının aktual elmi-nəzəri problemlərinin tədqiqi, distant təhsil üzrə qiymətləndirilmə metodlarının işlənilməsi və distant təhsildə tədris kontentinin yaradılmasında generativ süni intellekt modellərinin tətbiqi ilə bağlı tədqiqatlar aparılacaq. 

Məruzəçi həmçinin “Education 4.0 platformasında elektron  təhsil mühitinin təşkili və intellektual idarə olunması proseslərinin modelləşdirilməsi” mövzusu üzrə Education 4.0 platformasında Data Mining metodlarının istifadəsi ilə tədris kontentinin təkmilləşdirilməsi, distant təhsildə süni intellekt əsasında tapşırıqların avtomatik yaradılması sisteminin tədqiqi məsələlərinin araşdırılacağını, metod, alqoritm, təklif və tövsiyələrin işləniləcəyini vurğulayıb.

F.Ağayev “Education 4.0 platformasında Data Mining texnologiyası əsasında elektron təhsilin formalaşdırılması problemlərinin təhlili”, “Education 4.0 platformasında elektron təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması”, o cümlədən “Education 4.0 platformasında rəqəmsal pedaqogika məsələləri” mövzularında aparılacaq tədqiqatlardan bəhs edib, araşdırmaların nəticələrinin beynəlxalq və respublika səviyyəli jurnallara təqdim olunmasının planlaşdırıldığını bildirib.

O, həmçinin şöbənin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı 2025-ci ildə görüləcək tədbirləri diqqətə çatdırıb.

Fəaliyyət planına dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev Education 4.0 platformasında elektron təhsil mühitinin formalaşması istiqamətində dünyada mövcud olan yanaşmaların tədqiqinin önəmini qeyd edib. Alim distant tədrisin texnoloji, proqram, pedaqoji, psixoloji və digər aspektlərinin, o cümlədən fərdi məlumatların qorunması, fərdlərin tanınması məsələlərinin dərindən araşdırılmasının əhəmiyyətinə də toxunub. Baş direktor beynəlxalq təcrübə, eləcə də səsləndirilən təklif və tövsiyələr nəzərə alınmaqla intellektual kontentlərin, distant tədris modellərinin işlənilməsinin, həmçinin bu istiqamətdə ixtisaslaşmış gənc tədqiqatçıların yetişdirilməsinin vacibliyini vurğulayıb.

Sonda şöbənin fəaliyyət planı Elmi şuranın qərarı ilə qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.