Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur

10 Mart 2025 - 09:41 | Konfranslar, İclaslar
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar davam etdiriləcək.

Bu barədə institutun Elmi şurasının iclasında rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib.  Fəaliyyət planını təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari il ərzində nəzərdə tutulan elmi-tədqiqat işlərini diqqətə çatdırıb.

Şöbə müdiri “Elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair rəqəmsal dövlət sahəsində dünya təcrübəsi, problemlər və perspektivlər, eləcə də rəqəmsal dövlət platformasında inzibati idarəetmə sahəsində mövcud yanaşmaların tədqiqi və təhlilinə dair araşdırmaların aparılacağını qeyd edib.

Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemlərinə dair tədqiqatlardan bəhs edən məruzəçi, rəqəmsal tibbi terminoloji sistemin formalaşması məsələləri, Milli terminoloji informasiya sistemi əsasında fərdlərin bəzi xüsusiyyətlərinin avtomatik identifikasiyası metodunun işlənməsi ilə bağlı məsələlərin cari il üzrə fəaliyyət planına daxil olduğunu söyləyib.

Onun sözlərinə görə, bu il informasiya  təhlükəsizliyi  və   kiberdayanıqlılıq    problemləri üzrə “Milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi üçün metod və alqoritimlərin işlənməsi” mövzusunda tədqiqatlar davam etdiriləcək.  Bu istiqamətdə ölkə səviyyəsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün Milli kibertəhlükəsizlik monitorinqi sisteminin konseptual əsaslarının işlənilməsi nəzərdə tutulur.

G.Nəbibəyova il ərzində 6 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, 6 tezisin respublika və beynəlxalq səviyyəli konfranslara təqdim ediləcəyini söyləyib.

Daha sonra o, şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb. Alim tibbi terminoloji informasiya sisteminin yaradılması ilə bağlı tədqiqatların aparılmasının zəruri olduğunu qeyd edərək, bu istiqamətdə təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.