ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar davam etdiriləcək.
Bu barədə institutun Elmi informasiya və elmmetriya şöbəsinin 2025-ci il üzrə fəaliyyət planının müzakirəsi zamanı şöbə müdiri Mədinə Səidova məlumat verib. Bildirib ki, cari ildə şöbədə “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzusunda dissertasiya işi çərçivəsində intellektual elektron kitabxana sistemində informasiya təhlükəsizliyi məsələlərinin tədqiqi, bulud əsaslı vahid intellektual elektron kitabxana sisteminin konseptual modelinin, eləcə də elektron kitabxananın səmərəlilik göstəricilərinin yaxşılaşdırılması üçün təkliflərin işlənməsi nəzərdə tutulur. O, həmçinin elmmetriya sahəsində müasir elmi-nəzəri problemlərin araşdırılmasının planlaşdırıldığını da diqqətə çatdırıb.
Sonra M.Səidova cari il ərzində Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, o cümlədən nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də respublika səviyyəli və beynəlxalq konfranslarda çapı nəzərdə tutulan məqalələrin və konfrans materiallarının çapı ilə bağlı məlumat verib.
Daha sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti üzrə “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi, o cümlədən elmi analika məsələləri ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili istiqamətində görüləcək işlər haqqında məlumat verib. İnformasiya resurslarının ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılması və Alephino Kitabxana İnformasiya Sisteminə daxil edilməsi, İntellektual İnformasiya Xidməti Sistemi ilə bağlı işlərin aparılması, sistemin müşaiyəti, eləcə də institut əməkdaşlarının elmi əsərlərinin rəqəmsallaşdırılması və s. işlərin həyata keçirilməsinin planlaşdırıldığını da vurğulayıb.
Məruzəçi şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində “Crossref” və “StrikePlagiarism” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışıb. Şöbə əməkdaşlarının elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları nəzərə çatdırıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək e-elmin formalaşması və elmmetriya problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə aparılan tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.