ETN İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə tədqiqatlar 2025-ci ildə də davam etdiriləcək.
Bu barədə institutun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova rəhbərlik etdiyi struktur bölmənin 2025-ci il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verib.
R.Mahmudova bildirib ki, bu il IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri üzrə IV sənaye inqilabının əsas xüsusiyyətləri və onun informasiya təhlükəsizliyinə təsiri, informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi üçün mövcud modellərin və metodların analizi, eləcə də cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasının konseptual modelinin işlənməsi ilə bağlı tədqiqatlar aparılacaq.
Mərkəz rəhbəri rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyalarına dair nəzərdə tutulan tədqiqatlar haqqında məlumat verib: “Eyni zamanda bu problem üzrə elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsinə dair araşdırmalar aparılır”.
Sonra TİM-in rəhbəri 2025-ci il ərzində Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlərdə, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda çapı nəzərdə tutulan məqalə və tezislər haqqında məlumat verib.
Elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı üzrə nəzərdə tutulan işlərdən danışan R.Mahmudova, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkil edilməsi, respublikanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda tələbələrin elmi-tədqiqat və istehsalat təcrübəsinin təşkili və s. istiqamətlərdə görüləcək işlərdən bəhs edib.
Həmçinin Mərkəzin əməkdaşlarının elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı, elmin populyarlaşdırılması və təbliği sahəsində qarşıda duran vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Mərkəzin fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb. Alim ölkəmizdə son zamanlar rəqəmsal savadlılıqla bağlı institutsional tədbirlərin həyata keçirildiyini bildirərək, bu istiqamətdə araşdırmaların daha da aktuallaşdığını qeyd edib. AR Prezidenti İlham Əliyevin cari il yanvar 16-da imzaladığı “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Fərmanın əhəmiyyətini vurğulayan alim bu sənədin institut əməkdaşlarının qarşısına yeni vəzifələr qoyduğunu bildirib. AMEA-nın vitse-prezidenti həmçinin rəqəmsal savadlılıq: problemlər, çağırışlar və perspektivlərə dair tədqiqatların aparılması və beynəlxalq təcrübənin araşdırılmasının zəruri olduğunu söyləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.