ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqaməti üzrə elmi tədqiqatlar aparan şöbənin cari il üçün fəaliyyət planı müzakirə olunub.
Planı təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev bildirib ki, 2025-ci ildə struktur bölmədə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması, süni intellekt texnologiyalarının riskləri və onların kiberdayanıqlılığı, rəqəmsal əkiz texnologiyalarının təhlükəsizliyi, eləcə də proses analitikası ilə bağlı araşdırmalar davam etdiriləcək.
Əlavə edib ki, cari ildə həmçinin süni immun sistemləri, kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi, kiber təhdidlərin intellektual analizi, NLP texnologiyalarının tətbiqi ilə kibertəhlükəsizlik məsələlərinin həlli, neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiberfiziki təhlükəsiziliyi, eləcə də e-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi problemləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.
Məruzəçi “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün model və metodların işlənilməsi” mövzusu üzrə aparılacaq tədqiqalardan bəhs edib. Qeyd edib ki, mövzu üzrə kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi, o cümlədən kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqinin dəqiqliyinin və effektivliyinin intellektual qərar qəbuletmə əsasında artırılması istiqamətində araşdırmalar aparılacaq.
R.Şıxəliyev “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə bulud sistemlərində toplanan fərdi məlumatların qorunması üsullarının işlənməsi, Əşyaların İnterneti əsaslı kritik infrastrukturlara olan kiberhücumların aşkarlanması üsullarının işlənməsi, o cümlədən neft hasilatı nasoslarının yaşam müddətinin dərin təlim əsasında proqnozlaşdırılması üçün metodların işlənməsinin planlaşdırıldığını söyləyib.
O, “Kiberfiziki sistemlərin kiber-dayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda elmi-tədqiqat işi çərçivəsində yerinə yetiriləcək tədqiqatlardan danışıb. Bildirib ki, mövzu üzrə akustik siqnalların təhlili əsasında neft və qaz nəqli sistemlərində sızmaların aşkarlanması və təbii dilin emalı texnologiyaları əsasında kiberfiziki sistemlərdə kibertəhlükələrin aşkarlanması istiqamətində məqalələrin araşdırmaların aparılması nəzərdə tutulur.
Tədqiqatçının sözlərinə görə, İnternet mühitində kompüter insidentlərinin intellektual analizi, İnternet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması, kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənməsi kimi aktual mövzuların araşdırılması planlaşdırılır.
Qeyd edib ki, cari il ərzində Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə ümumilikdə 22 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 11 konfrans materialının çapı planlaşdırılır.
Məruzəçi, həmçinin Almaniyanın Deggendorf Texniki Universiteti, GEANT-ın Baş Assambleyası, Çex Respublikası CESNET assosiasiyası, Şimali Universitetlər Şəbəkəsi (Nordic Universities Network) olan NORDUnet və s. ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb.
O, əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin müdiri, akademik Rasim Əliquliyev çıxış edərək, struktur bölmədə müasir elmin çağırışlarına cavab verən elmi istiqamətlərdə aparılan tədqiqatların əhəmiyyətini qeyd edib. Alim şöbədə fəaliyyət göstərən gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.
Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.