ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə fəaliyyət planı müzakirə olunub.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi struktur bölmədə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçiriləcək tədbirləri diqqətə çatdırıb.
M.Hacırəhimova “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılacaq tədqiqatlardan bəhs edib. O, makrosəviyyədə intellektual potensialın müxtəlif göstəricilər üzrə analizi modelinin, o cümlədən e-dövlət reyestrlərində toplanmış məlumatlar əsasında intellektual potensialın müxtəlif göstəricilər üzrə dinamikasının tədqiqi və proqnozlaşdırılması alqoritmin işlənməsininplanlaşdırıldığını diqqətə çatdırıb.
Şöbə müdiri “E-dövlət platformasında Azərbaycanda intellektual potensialın əmək observatoriyasının formalaşdırılması problemlərinin araşdırılması” mövzusu üzrə tədqiqatların davam etdirildiyini, bu istiqamətdə Azərbaycanın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərə olan tələb və təklifin mövcud vəziyyətinin analizi, o cümlədən intellektual potensial üçün əmək observatoriyasının konseptual və arxitektur-texnoloji əsaslarının işlənməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Məruzəçi şöbənin əməkdaşları tərəfindən “Rəqəmsal platformada milli intellektual potensialın qiymətləndirilməsi metodunun işlənməsi”, “İntellektual insan resurslarının miqrasiyası məsələləri”, “Azərbaycan Respublikasında elmi kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi”, eləcə də “İnformasiya cəmiyyəti şəraitində intellektual insan resurslarının strateji idarə olunması üçün metod və alqoritmlərin işlənməsi” və “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” mövzuları üzrə tədqiqatların cari ildə də davam etdiriləcəyini bildirib.
M.Hacırəhimova şöbədə həmçinin Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri ilə bağlı tədqiqatların aparıldığını qeyd edib. Bu məqsədlə süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin, eləcə də süni intellekt texnologiyalarının neft-qaz çıxarma sənayesində tətbiqi vəziyyətinin analizi, neft yataqlarının neftvermə əmsalının proqnozlaşdırılması üçün maşın təlimi metodunun işlənməsnin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə 9 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 7 konfrans materialının nəşr olunmasının planlaşdırıldığını söyləyib.
Şöbə rəhbəri həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlərdən bəhs edib.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin illik planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik şöbədə aktual elmi problemlər üzrə aparılan tədqiqatların davam etdrilməsinin vacibliyini vurğulayıb.
Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.