ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Education 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusunda məruzə dinlənilib.
Məruzəni texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev təqdim edərək müasir dövrdə təhsilin həm cəmiyyətdəki, həm də sənayedəki dəyişikliklərə uyğun olaraq inkişaf etdiyini və təşkilatların gələcəkdə inkişafı üçün lazımi insan kapitalını təmin etdiyini bildirib.
Dördüncü Sənaye İnqilabının digər sektorlarda olduğu kimi, təhsil sahəsinə də öz təsirini göstərməkdə olduğunu qeyd edən məruzəçi Sənaye 4.0-ın əvvəlki inqilablardan fərqli olaraq, innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verdiyini diqqətə çatdırıb. O, Education 4.0-ın Dördüncü Sənaye İnqilabı dövründə qlobal və rəqəmsal iş mühitində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanmasına xidmət etdiyini vurğulayıb.
“Təhsil müəssisələri təhsilalanların bilik əldə etməsi ilə yanaşı, rəqəmsal və texnoloji savadlılıq qazanmalarına da nail olmalıdır”, - deyən F.Ağayev süni intelektin Education 4.0-da mühüm rol oynadığına da diqqət çəkib. Əlavə edib ki, təhsialalanların rəqəmsal bacarıqlarının inkişafı onların gələcəkdə rəqəmsal vətəndaşlar kimi cəmiyyətdə daha fəal iştirakına imkan verəcək.
Məruzəçinin sözlərinə görə, Dördüncü Sənaye İnqilabı dövründə təhsil cəmiyyəti inkişaf etdirə biləcək potensiala, kompleks və dialektik imkanlara sahib olmalıdır: “Əşyaların İnterneti, 3D-çap, kvant hesablamaları, süni intellekt kimi fərqli texnologiyaların istifadəsi informasiyanın daha effektiv şəkildə ötürülməsinə və yeni təhsil çərçivəsinin inkişafına imkan verir. Bu yeni sistem yaradıcı, innovativ və təcrübəli işçi qüvvəsini Sənaye 4.0-ın imkanları ilə zənginləşdirməyi və istehsalda qəbulunu sürətləndirəcək davamlı mühit yaratmağı hədəfləyir”.
Məruzəçi həmçinin distant tədrisin inkişaf tarixi, indikatorları, distant tədris üçün standartlar və spesifikasiyalar, elektron tədris sisteminin nəsilləri, bulud texnologiyaları və Big Data-nın elektron təhsildə tətbiqi, Education 4.0 də tədrisin prinsipləri, “ağıllı” tədris prosesi, elektron tədris mühitinin konseptual modeli, eləcə də mətn məlumatının intellektual analizi üçün proqram vasitələri və s. haqqında ətraflı məlumat verib. O, elektron təhsilin təhlükələri, elektron tədris prosesində yaranan risklərdən bəhs edib, eləcə də bu istiqamətdə keçirilən beynəlxalq konfransları diqqətə çatdırıb.
F.Ağayev seminar iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Daha sonra məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev Education 4.0 platformasının əsas anlayışları, problemləri və dünyada mövcud olan yanaşmaların tədqiqinin əhəmiyyətini qeyd edib. Alim Education 4.0 platformasında elektron təhsil mühitinin formalaşmasının elmi-nəzəri əsaslarının və texnoloji aspektlərinin dərindən araşdırılması və qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.