ETN İnformasiya Texnologiyaları İnstitutunda 2025-ci ildə bu qurumun struktur bölmələrinin qarşısında duran vəzifələr və prioritetlərə, araşdırılması nəzərdə tutulan elmi problemlərə dair müzakirələr aparılır.
İnstitutun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin cari il üzrə fəaliyyət planının müzakirəsi keçirilib. İclasda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək rəhbərlik etdiyi struktur bölmədə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.
Dos. F.Yusifov rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqaməti üzrə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemlərinə dair aparılan tədqiqatlardan bəhs edib. Bildirib ki, bu il e-demoqrafiya sistemində toplanan məlumatlar əsasında demoqrafik xarakteristikaların analizi üçün modelin işlənməsi məsələləri ilə bağlı araşdırmalar aparılacaq.
Şöbə müdiri “Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusu üzrə nəzərdə tutulan tədqiqatlar haqqında məlumat verib. Müasir iqtisadi nəzəriyyələrdə süni intellektin rolu və süni intellektin iqtisadiyyata tətbiqi sahəsində əsas problemlərə dair araşdırmaların nəzərdə tutulduğunu qeyd edib.
E-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti istiqamətində nəzərdə tutulan işlərdən danışan dos. F.Yusifov söyləyib ki, bu mövzu üzrə e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsi, fərdin təbiətə münasibətinin qiymətləndirilməsi əsasında sosial kreditinin müəyyən olunması ilə bağlı tədqiqatlar aparılacaq.
O həmçinin şöbənin fəaliyyət planı çərçivəsində informasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması, virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi, Azərbaycanda informatikanın tarixi, e-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi və s. istiqamətlərdə araşdırmaların davam etdiriləcəyini bildirib.
Dos. F.Yusifov 2025-ci il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə məqalələrin, respublika və beynəlxalq səviyyəli konfranslarda materialların nəşr olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Şöbə müdiri, həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı həyata keçiriləcək tədbirlərdən bəhs edib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev fəaliyyət planına dair fikirlərini bölüşüb, şöbədə aktual elmi problemlərin həlli istiqamətində araşdırmalar gücləndirilməsinə dair tövsiyələr verib. Akademik həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib, bu Sərəncamın institutun qarşısında yeni vəzifələr və problemlər qoyduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.