Milli informasiya təhlükəsizliyinə olan kibertəhlükələrlə bağlı tədqiqatlar aparılır

27 Dekabr 2024 - 09:55 | Konfranslar, İclaslar
Milli informasiya təhlükəsizliyinə olan kibertəhlükələrlə bağlı tədqiqatlar aparılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında böyük elmi işçisi, dissertant Könül Daşdəmirova “Milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodları və alqoritimlərinin işlənməsi” mövzusunda dissertasiya işi üzrə aparılan tədqiqatların vəziyyəti haqqında məlumat verib.

Tədqiqatçı dissertasiya işinin məqsədinin milli informasiya məkanında informasiya təhlükəsizliyinə olan sosial miqyaslı təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi olduğunu diqqətə çatdırıb.

Mövzunun aktuallığından bəhs edən K.Daşdəmirova bildirib ki, qlobal və milli informasiya məkanında fərdin, cəmiyyətin və dövlətin maraqlarına təsir edən kibertəhlükələrin, kiberhücumların, zərərli proqramların sayının kəskin şəkildə artması, milli informasiya məkanında təhlükələrin sosial miqyas alaraq böyük bir ərazini əhatə etməsi və cəmiyyətdə baş verən sosial-iqtisadi, siyasi və s. proseslərə təsir göstərməsi, o cümlədən informasiya təhlükəsizliyinə yönəlmiş mənbələrin tədqiqi və potensial təhdidlərin aşkarlanması üçün milli informasiya məkanının monitorinqinin həyata keçirilməsinin vacibliyi bu istiqamətdə tədqiqatların aparılmasını zəruri edir.

Məruzəçinin sözlərinə görə, həmçinin Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyasından irəli gələn məsələlər, ayrı-ayrı informasiya sistemlərinə yönəlmiş təhlükələrin CERT-lərdə toplanmasına baxmayaraq onların analiz edilməməsi, kibertəhlükələri xarakterizə edərək onların hücum hədəflərinin aşkarlanması, onlara çevik reaksiya verilməsi, təhlükələrin böyük miqyas almasının qarşısının alınması üçün milli səviyyədə informasiya təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsinə imkan verən sistemin olmaması, milli informasiya məkanında cəmiyyətin sosial təhlükəsizliyinin təmin olunmasının zəruriliyi dissertasiya işinin aktuallığını şərtləndirir.

O, tədqiqat işində qoyulmuş məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, dissertasiya işi çərçivəsində kibertəhlükələrin analizi və onların yaratdığı problemlərin tədqiqi və təhlili, milli təhlükəsizlik sistemində cəmiyyətin kibertəhlükəsizliyinin təmin olunmasının yeri və rolu, milli səviyyədə informasiya təhlükəsizliyinin təmin olunması üçün arxitektur-texnoloji modelin işlənməsi, milli informasiya məkanında sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi üçün qərarların qəbulunu dəstəkləyən sistemin işlənməsi, o cümlədən milli informasiya məkanında sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatlar aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Milli kibertəhlükəsizlik ekosisteminin vəziyyətinin qiymətləndirilməsi istiqamətində aparılan tədqiqatların müasir dövrdə aktuallıq kəsb etdiyini qeyd edən alim ölkəmizdə kiberkriminogen vəziyyətin qiymətləndirilməsi üçün ümummilli səviyyədə monitorinqlərin aparılmasının, bu istiqamətdə metodologiyanın işlənilməsinin zəruriliyinə toxunub.  Akademik R.Əliquliyev həmçinin qlobal kibertəhlükəsizlik indekslərinin analiz olunmasının və milli indekslərin formalaşması istiqamətində tədqiqatların aparılmasının önəmini qeyd edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.