Planetin ekosistemində qarşılıqlı əlaqələrin pozulması nəticəsində qlobal iqlim dəyişikliyi və onun insan sağlamlığına zərərli təsirləri, eləcə də digər risklər artmaqda davam edir. Bu riskləri əvvəlcədən müəyyənləşdirmək və mənfi nəticələrlə mübarizə aparmaq müasir dövrün tələbidir.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunun “Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar” mövzusunda keçirilən elmi seminarında institutun əməkdaşı Orxan Mehdiyev məlumat verib. Məruzəçi qeyd edib ki, yaşıl hesablamalar sahəsindəki müasir tendensiyalar İKT sektorunda enerji istehlakının azaldılması zərurətini və rəqəmsal texnologiyaların ətraf mühitə təsirinin minimuma endirilməsinin vacibliyini əks etdirir. Bildirib ki, yaşıl hesablamalar, dayanıqlı inkişafı və karbon emissiyasının azaldılmasını hədəfləyən texnologiyalar yalnız ekoloji səmərəliliyi artırmır, həmçinin qlobal ekosistemin qorunmasına mühüm töhfə verir.
Sonra o, nəzərə çatdırıb ki, yaşıl istifadə (green use) İKT qurğularında enerji istehlakının minimuma endirilməsi, yaşıl zərərsizləşdirmə (green disposal) mənəvi və fiziki aşınan avadanlıqların yenilənməsi, təkrar istifadəsi və yararsız elektron avadanlıqların ekoloji cəhətdən təmiz üsullarla təkrar emalıdır. Yaşıl layihələndirmə (green design) isə kompüter, server, printer və digər rəqəmsal qurğular üçün yeni, enerjiyə qənaət edən texnologiyaların işlənib hazırlanmasıdır.
O.Mehdiyevin sözlərinə görə, bulud texnologiyaları, virtuallaşma, təkrar emal, enerjinin idarə olunması, telekommunikasiya İKT sektorunun ekoloji cəhətdən təmiz olmasına mühüm töhfələr vermişdir. Bu texnologiyalar tullantıların azaldılması, enerji səmərəliliyinin artırılması və resursların daha effektiv istifadəsinə imkan yaradır. Bundan əlavə, Sənaye 4.0 bu prosesləri daha da irəli apararaq avtomatlaşdırma, süni intellekt və Əşyaların İnterneti kimi qabaqcıl texnologiyalar vasitəsilə ətraf mühitə olan təsiri minimuma endirməklə yanaşı, daha dayanıqlı və səmərəli istehsal proseslərini dəstəkləyir.
Sonra məruzəçi yaşıl hesablamalar sahəsində innovativ həllər və texnologiyalar haqqında bəhs edərək “Apple” şirkətinin təchizatçılar üçün təmiz enerji proqramını qeyd edib. Bildirib ki, bu proqram şirkətin birbaşa istehsalat xərclərinin 85%-dən çoxunu təşkil edir.
O.Mehdiyev diqqətə çatdırıb ki, yaşıl hesablama strategiyası yalnız karbon emissiyasının minimuma endirilməsinə deyil, eləcə də resursların optimallaşdırılmasına, enerji səmərəliliyinin artırılmasına və dayanıqlı ekoloji infrastrukturun yaradılmasına yönəlib. Süni intellekt, kvant və biokompüterlər sahəsində əldə olunan nailiyyətlər, enerjiyə qənaət edən mikroçip arxitekturaları sayəsində İKT-nin təbiətə mənfi təsirinin azaldılması və daha dayanıqlı, ekoloji təmiz gələcəyin yaradılması mümkündür.
Sonda məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.