IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında elektron dərsliklərin rolu

02 Dekabr 2024 - 11:27 | Konfranslar, İclaslar
IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında elektron dərsliklərin rolu

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və əməkdaş Lalə Paşayevanın həmmüəllifliyi ilə hazırlanmış “IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında elektron dərsliklərin missiyası” mövzusunun müzakirəsinə həsr olunub.

Mövzu üzrə çıxış edən L.Paşayeva qeyd edib ki, IV Sənaye İnqilabında dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı ənənəvi tədris metodlarından daha çox rəqəmsal və innovativ yanaşmaların tətbiqini tələb edir. Bu missiya tələbələrin öyrənmə prosesini fərdiləşdirir, onlara yeni texnoloji vasitələrlə işləməyi öyrədir, eləcə də mürəkkəb bilikləri daha effektiv şəkildə mənimsəməyə şərait yaradır.

Sonra məruzəçi IV Sənaye İnqilabının çağırışları və mütəxəssislərə olan tələblər haqqında söz açaraq hazırda texniki bacarıqlara malik mütəxəssislərə tələbatın artdığını vurğulayıb. Bildirib ki, mütəxəssislər fənlərarası, texnoloji biliklər, informasiya ilə işləmə bacarıqları, yaradıcı və innovativ düşüncə, adaptivlik və öyrənmə həvəsi, eləcə də kibertəhlükəsizlik üzrə biliklərə malik olmalıdırlar.

Elektron dərsliklərə adaptiv, multimedia, elektron hipermətn dərsliklərinin, təhsil üçün mobil proqramların, virtual laboratoriyaların və s. aid olduğunu söyləyən tədqiqatçı bunların ənənəvi dərsliklərdən üstün cəhətlərini sadalayıb. Bildirib ki, bunlara interaktivlik, fərdiləşmə, əlçatanlıq, çeviklik, iqtisadi və ekoloji səmərəlilik daxildir.

L.Paşayeva elektron dərsliklərin IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında missiyası təkcə bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Onlar həm də tələbələrin rəqəmsal dünyaya uyğunlaşması, fərdi bacarıqlarının inkişaf etdirməsi və daima dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün baza yaradır. Onun sözlərinə görə, elektron dərsliklər müasir təhsil prosesinə texnologiya ilə zənginləşdirilmiş, fərdiləşdirilmiş və əlçatan bir yanaşma gətirərək mütəxəssis hazırlığında dəyərli vasitə olaraq çıxış edir və peşəkar hazırlığın effektivliyini artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.