İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modelinin işlənməsi” mövzusunda məruzə dinlənilib.
Məruzəni təqdim edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova qeyd edib ki, XX əsrin sonlarında informasiya texnologiyalarının inkişafı vətəndaşların dövlətlə yeni ünsiyyət forması olan elektron dövlətin (e-dövlət) yaranmasına səbəb olmuşdur. O, e-dövlət çərçivəsində istənilən sahə haqqında tam təsəvvür yaratmağa, eləcə də düzgün qərarların qəbul edilməsini təmin etməyə imkan verən səmərəli idarəetmə sisteminin işlənilməsi zərurətinin yarandığını diqqətə çatdırıb.
Məruzəçinin sözlərinə görə, Sənaye 4.0 dövrü yeni informasiya-kommunikasiya texnologiyalarının və təhlükə növlərinin yaranması və çoxlu sayda mənbələrdən əldə edilən böyük verilənlərin mövcudluğu ilə xarakterizə olunur: “Bu səbəbdən OLAP kimi faydalı texnologiyanın ənənəvi formada istifadəsi səmərəsiz və qeyri-praktiki, bəzi hallarda isə qeyri-mümkün olur. E-dövlət mühitində böyük verilənlər və çoxlu sayda müxtəlif məlumat mənbələri müşahidə olunduğundan bu problemlər xüsusilə qeyd olunan mühitdə nəzərə çarpır”.
OLAP sistemlərdən həm dövlət, həm də özəl qurumlarda, məsələn, bank, tibb, sənaye, telekommunikasiya, ticarət, terminoloji mühit və s. kimi sahələrdə geniş istifadə olunduğunu qeyd edən tədqiqatçı bu sistemin OLAP texnologiyaları əsasında qurulmuş informasiya-analitik sistem olduğunu bildirib.
“OLAP texnologiyası verilənlərin OLAP-kubları şəklində təqdim edilməsinə əsaslanır”, - deyə bildirən G.Nəbibəyova OLAP-kublarının təhlil və idarəetmə qərarlarının qəbulu üçün istifadə olunan verilənləri ehtiva etdiyini diqqətə çatdırıb.
Məruzəçinin bildirdiyinə görə, təşkilatın müxtəlif şöbələrinin sistemlərinin və ya qurumlarının sistemlərinin inteqrasiyası qərarların qəbulunu dəstəkləyən sistemlər vasitəsilə həyata keçirilir.
Böyük həcmli verilənlər və məlumat mənbələrinin müxtəlifliyi səbəbindən OLAP-da yaranan problemlərdən danışan tədqiqatçı bu zaman məlumat mənbələrinin müxtəlifliyinə görə kibertəhlükələrin artması, ənənəvi OLAP-da verilənlərin böyük həcminə görə onların intellektual analizi, təsnifatı, klasterləşdirmə, proqnozlaşdırma və digər proseslərin mürəkkəbləşməsi, eləcə də məlumatların böyük həcminə görə nəticələrin əldə edilməsi sürətinin azalmasına rast gəlindiyini diqqətə çatdırıb.
“Bütün bu faktlar yeni yanaşmalar və texnologiyalardan istifadə etməklə ənənəvi OLAP-ı Smart OLAP-a tranformasiya etmək zərurəti yaradır”, - deyə G.Nəbibəyova vurğulayıb. Əlavə edib ki, bu texnologiyalar verilənlərin təhlükəsizliyini təmin etməli, məlumatların miqyasında heç bir məhdudiyyət qoymamalı və saniyələr ərzində nəticə verməlidir.
Məruzəçi dövlət orqanlarında informasiya axınlarının hərəkəti prosesinin sxemini təqdim edib, OLAP-ın intellektuallaşdırılmasını təmin edən texnologiyaları diqqətə çatdırıb. OLAP və blokçeynin inteqrasiyasının əsas üstünlüklərindən danışan G.Nəbibəyova verilənlər anbarının funksiyalarının blokçeynə daxil edilməsinin onun ötürmə qabiliyyətinin artırmasına və sürətli miqyaslılığının təmin olunmasına dəstək verdiyini bildirib.
İntellektual sistemlərdə olan problemlərin neyron şəbəkələrindən istifadə olunmaqla həllinə nail olunmasının mümkünlüyündən danışan tədqiqatçı bu problemlərə təsvirin tanınması, təsnifat, klasterizasiya, proqnozlaşdırma və s. məsələlərin aid edildiyini qeyd edib.
O, həmçinin neyron şəbəkələrinin əsas növləri haqqında məlumat verib, eləcə də OLAP və neyron şəbəkələrinin inteqrasiyası modelini təqdim edib.
Daha sonra G.Nəbibəyova elektron dövlətin strukturunu təqdim edərək, e-dövlətin iyerarxik struktura malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, təklif olunan model hibriddir və sistemin intellektuallaşdırılmasını təmin edən, OLAP ilə inteqrasiya olunmuş neyron şəbəkə, blokçeyn və Data Mining kimi texnologiyaları özündə birləşdirir.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məruzənin müasir dövrdə böyük aktuallıq kəsb edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, tədqiqat işində elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin tətbiqi istiqamətində beynəlxalq səviyyədə aparılmış tədqiqatlar, əldə olunmuş elmi-nəzəri nəticələr, keçirilmiş elmi-praktiki konfranslara dair məlumatların da öz əksini tapmasının vacibliyinə toxunub.
Alim qlobal çağırışlar, eləcə də süni intellektin gətirdiyi reallıqlar kontekstində ölkəmizdə gedən rəqəmsal transformasiyalar nəticəsində elektron dövlətin də sürətlə inkişaf etdiyini bildirib. Akademik R.Əliquliyev dünyanın inkişaf etmiş ölkələrində elektron dövlət mühitində OLAP sistemlərinin intellektuallaşdırılması məqsədilə bu infrastrukturlarda qabaqcıl süni intellekt texnologiyalarının tətbiq olunduğunu deyib, bu istiqamətdə tədqiqatların genişləndirilməsinə dair tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.