Ətraf mühitin monitorinqi üçün “ağıllı” sistemlərin Cəmiyyət 5.0 kontekstində işlənilməsi perspektivləri araşdırılır

19 Noyabr 2024 - 11:15 | Konfranslar, İclaslar
Ətraf mühitin monitorinqi üçün “ağıllı” sistemlərin Cəmiyyət 5.0 kontekstində işlənilməsi perspektivləri araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitututunda keçirilən növbəti elmi seminar institutun şöbə müdiri Şakir Mehdiyev və əməkdaş Nəzrin Rzayevanın həmmüəllifliyi ilə hazırlanmış “Ətraf mühitin monitorinqi üçün “ağıllı” sistemlərin Cəmiyyət 5.0 kontekstində işlənilməsi perspektivləri” mövzusunun müzakirəsinə həsr olunub.

Məruzəni təqdim edən N.Rzayeva iqlim dəyişikliyinin dünyanın təhlükəsizliyi üçün ən böyük təhdid olduğunu, ətraf mühitlə yanaşı, siyasi, iqtisadi və sosial sistemlərə də zərər verdiyini qeyd edib. Vurğulayıb ki, insanlara bütövlükdə iqtisadi fayda verəcəyi güman edilən Cəmiyyət 5.0 konsepsiyası müxtəlif sosial problemləri həll etmək üçün qabaqcıl texnologiyalar, o cümlədən intellektual sistemləri birləşdirən insan yönümlü cəmiyyətdir. Bu konsepsiyanın mahiyyəti isə fiziki və kibernetik məkanların inteqrasiyası yolu ilə fərdin deyil, bütövlükdə cəmiyyətin resurslarını birləşdirməkdən ibarətdir.

Məruzəçi bildirib ki, Cəmiyyət 5.0-ın yaranması sosial, iqtisadi rifahı və ekoloji dayanıqlığı artırmaq üşün rəqəmsal transformasiyanın istifadə olunduğu paradiqma dəyişikliyini təmsil edir. “Əşyaların interneti (IoT), süni intellekt (Sİ) və böyük verilənlər kimi texnologiyalardan istifadə edərək kiberməkanı fiziki məkanla birləşdirir. IoT texnologiyaları ilə təchiz edilmiş “ağıllı” şəhərlər enerji istehlakını optimallaşdırmaq, tullantıları azaltmaq və nəqliyyat sistemlərini təkmilləşdirməklə şəhər həyatını yaxşılaşdırmaq potensialını nümayiş etdirir”, – deyə məruzəçi qeyd edib.

Daha sonra o, IoT və sensorlardan istifadə edən “ağıllı” ətraf mühitin nəzarət sistemlərindən bəhs edib, simsiz şəbəkələr və ya simsiz sensor şəbəkələrin (WSN) süni intellektə əsaslanan monitorinq və idarəetmə üsulları üzərində işləyən müasir sensorlardan ibarət olduğunu nəzərə çatdırıb. Bildirib ki, IoT cihazları simsiz şəbəkələrdə tullantıların səmərəli idarə edilməsi, nəqliyyat vasitələrinin etiketlənməsi, temperaturun monitorinqi və çirklənməyə nəzarət üçün istifadə olunur. Buna görə də, ətraf mühitin monitorinqinin müasir üsulları IoT, Sİ və simsiz sensorların istifadəsinə görə SEMAR sistemləri kimi tanınır. SEMAR IoT texnologiyasına əsaslanaraq, hava və suyun keyfiyyəti, səs səviyyəsi və digər ekoloji göstəriciləri müxtəlif sensorlardan istifadə etməklə izləyir.

Sonda məruzəçi qeyd edib ki, Cəmiyyət 5.0 qlobal miqyasda sosial problemlərin həll ediləcəyi, həyat keyfiyyətinin yüksəldiləcəyi, hər kəsin sağlam, rahat və təhlükəsiz həyat tərzinə malik olacağı cəmiyyət qurmaq məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.