İnformasiya Texnologiyaları İnstitutunda proqram sistemlərinin etibarlılığının yüksəldilməsi istiqamətində tədqiqatlar aparılır

15 Oktyabr 2024 - 18:00 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş mütəxəssisi Tamilla Bayramovanın “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işi çərçivəsində alınmış elmi nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

Dissertasiya işini təqdim edən T.Bayramova qeyd edib ki, proqram sistemləri iqtisadi artımın təmin edilməsində, insanların sosial rifahının yaxşılaşdırılmasında və qlobal problemlərin həllində innovasiya, səmərəlilik və transformasiyaya təkan verməklə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. O, bildirib ki, süni intellektə əsaslanan müasir proqramlaşdırma insandan yaradıcı düşüncə, xüsusi məharət tələb edən intellektual fəaliyyət növündən kütləvi istehsala qədər inkişaf edərək, proqram məhsullarının istehsalı sənayesini formalaşdırmışdır.

İnformasiya sistemlərinin tərkib hissəsi olan proqram təminatının etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılmasının müasir proqram mühəndisliyinin aktual problemlərindən olduğunu qeyd edən tədqiqatçı proqram təminatının etibarlılığını təmin etmək üçün yeni texnologiyalara əsaslanan metod və alqoritmlərin işlənilməsi, səhvlər haqqında xəbərdarlıq edən və onların qarşısını alan, eyni zamanda bu səhvlərin yaranması zamanı proqramın fəaliyyətini davam etdirməyə imkan verən adaptiv sistemlərin yaradılması və tətbiq edilməsinin həlli vacib məsələlərdən olduğunu nəzərə çatdırıb.

T.Bayramova bildirib ki, dissertasiya işində proqram sistemlərinin keyfiyyəti və etibarlılığı sahəsində aparılan tədqiqatların müasir vəziyyətinin təhlili və mövcud problemlərin analizi, proqram təminatında səhvlərin proqnozlaşdırılması, qarşısının alınması, eləcə də proqram təminatının etibarlılığının proqnozlaşdırılması və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi nəzərdə tutulmuşdur.

Məruzəçi tədqiqat işində qoyulmuş proqram mühəndisliyi sahəsində mövcud vəziyyətin analizi və problemlərin müəyyənləşdirilməsi, proqram təminatının etibarlılığının yüksəldilməsi üçün konseptual modelin işlənməsi, həmçinin etibarlılığın proqnozlaşdırılması və qiymətləndirilməsi üçün metod və alqoritmin işlənməsi və s. kimi elmi-nəzəri və praktiki məsələlər haqqında məlumat verib.

Sonra dissertasiya işi üzrə elmi rəhbər, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov çıxış edərək aktual elmi-nəzəri problemə həsr olunmuş tədqiqat işi çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. Qeyd edib ki, informasiya texnologiyalarının inkişafı, süni intellektin həyatımıza nüfuz etməsi informasiya təhlükəsizliyinə tələbləri artırmışdır ki, bu da öz növbəsində, proqram sisteminin etibarlılığının təmini məsələlərini zəruri etmişdir. Elmi rəhbər Sənaye 4.0 konsepsiyasına daxil olan texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etməsinin bəşəriyyətin böyük bir qismini proqram sistemlərindən asılı vəziyyətə saldığını, bu baxımdan qeyd olunan sistemlərin çoxsaylı problemlərinin araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, əldə olunan elmi-nəzəri nəticələrlə bağlı təklif və tövsiyələr səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işi çərçivəsində əldə olunmuş nəticələrə münasibət bildirib. Akademik mövzunun aktuallığını önə çəkərək proqram sistemlərinin dayanıqlılığı və etibarlılığının yüksəldilməsi istiqamətində tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələrini səsləndirib. Həmçinin müasir dövrdə proqram sistemlərinin dayanıqlılığının və etibarlılığının yüksəldilməsi üçün süni intellekt texnologiyalarına əsaslanan metodların işlənilməsinin zəruri olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.