Xəbər verdiyimiz kimi, İtaliyanın Türin şəhərində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 18th IEEE International Conference Application of Information and Communication Technologies) üzrə 18-ci IEEE beynəlxalq konfransı keçirilib.
Konfransda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, tex.f.d., dosent Firudin Ağayev “Kurikulumun məzmununun keyfiyyətini təkmilləşdirmək üçün Data Mining Metodlarının tətbiqi” (Leveraging Data Mining Techniques to Enhance Curriculum Content Quality) mövzusunda çıxış edib.
Məqalədə “Kibertəhlükəsizlik” ixtisası üzrə təhsil proqramının qurulmasını avtomatlaşdırmaq məqsədilə Text Mining metodlarından istifadə edilmişdir. Proqramın mətninin qurulması prosesində SVM, Naive Bayes, k-ən yaxın qonşular və Qərar Ağacı alqoritmlərindən istifadə edilmişdir. Ən yaxşı nəticələr 70 faizdən çox dəqiqlik göstərən dəstək vektor maşını (SVM) alqoritmindən istifadə etməklə əldə edilmişdir. Həmçinin müxtəlif universitetlərin tədris fənlərinin mövzu və bölmələri müqayisə edilərək, semantik oxşarlıq dərəcəsi müəyyən edilmişdir.
Görülən işlərin nəticəsi olaraq, tədris proqramlarının strukturu təkmilləşdirilmiş, məzmunu optimallaşdırılmış və ona bir neçə yeni bölmə və mövzular əlavə edilmişdir.
Tədqiqatın nəticələri ali məktəblərin professor-müəllim heyəti tərəfindən təhsil proqramının hazırlanması və tənzimlənməsi prosesini təkmilləşdirmək üçün istifadə edilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.