MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq uğurla inkişaf etdirilir

17 Sentyabr 2024 - 14:35 | Görüşlər

İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının tələbələri üçün təşkil olunmuş istehsalat təcrübəsi başa çatıb.

Bu məqsədlə institutda MDU-nun Bakı filialının tələbələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, tələbələrin təcrübə rəhbərləri – institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, institutun baş mütəxəssisi Tamilla Bayramova və “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Səməd Dursunov və digər aidiyyəti şəxslər iştirak ediblər.  

Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurum və MDU-nun Bakı filialı arasında universitetin fəaliyyətə başlamasının ilk illərindən bəri davam edən əməkdaşlıq əlaqələrindən bəhs edib, elm və təhsilin inteqrasiyasına dair müzakirələrin aparıldığını xatırladıb.

Ölkənin ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin təşkilinin əhəmiyyətindən danışan akademik Rasim Əliquliyev institutun qarşısında duran əsas vəzifələrdən birinin də informasiya texnologiyaları sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi ilə bağlı olduğunu vurğulayıb, bu istiqamətdə ölkənin müxtəlif ali təhsil müəssisələrinə dəstək göstərməkdə maraqlı olduğunu ifadə edib.

Alim İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini qeyd edərək, bu qurumda fəaliyyət göstərən alim və mütəxəssislərin MDU-nun Bakı filialında informasiya texnologiyalarının aktual məsələləri ilə bağlı müxtəlif fənləri tədris etdiklərini, “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvü kimi iştirak etdiklərini vurğulayıb. Akademik R. Əliquliyev iki qurum arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində “Tətbiqi riyaziyyat” fakültəsinin tələbələrinin İnformasiya Texnologiyaları İnstitutunda elmi-tədqiqat təcrübəsi keçdiklərini qeyd edib.

O, həmçinin institutun həmtəşkilatçılığı ilə keçirilən və əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsi olan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda MDU-nun Bakı filialının tələbələrinin fəal iştirak etdiklərini xatırladıb.

Baş direktor institutda gənclərin elmə cəlb olunması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü söyləyib, eləcə də bu qurumda təcrübə keçən tələbələrin gələcəkdə gənc tədqiqatçılar üçün nəzərdə tutulmuş müxtəlif yerli və xarici qrant layihələrinə cəlb olunmasının mümkünlüyündən danışıb. Akademik R. Əliquliyev MDU-nun Bakı filialı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslərin elm və təhsilin inteqrasiyasının əhəmiyyətli nümunəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra tələbələr üçün təyin olunmuş təcrübə rəhbərləri – dosent Tofiq Kazımov, baş mütəxəssislər Tamilla Bayramova və Səməd Dursunov çıxış edərək, hər bir tələbənin təcrübə müddətində gördüyü işlər, apardığı tədqiqatlar haqqında məlumat veriblər, tələbələrin bu müddət ərzində məhsuldar fəaliyyət göstərdiklərini diqqətə çatdırıblar.

Təcrübə rəhbərləri gənclərlə birgə iş apararaq onlara proqram mühəndisliyi, bulud texnologiyaları, virtual resurslar və s. istiqamətlər üzrə tədqiqat mövzuları ətrafında araşdırmaların aparılması, icmalın hazırlanması, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi və s. ilə bağlı bilik və bacarıqları aşılayıblar. Gənclərə həmçinin AzScienceNet şəbəkəsinin Data Mərkəzinin imkanları nümayiş olunub, burada göstərilən xidmətlər barədə məlumat verilib.

Sonda MDU-nun Bakı filialının tələbələri çıxış edərək, institutda onlar üçün yaradılmış şəraitə, əldə etdikləri əhəmiyyətli biliklərə və təcrübəyə görə institutun kollektivinə və təcrübə rəhbərlərinə təşəkkür ediblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.