Avqustun 29-da İnformasiya Texnologiyaları İnstitutunda Türkiyənin Bursa Sənaye və Ticarət Palatası və Bursa Uludağ Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Bursa Uludağ Universitetinin Texnologiyaların Transferi Ofisinin (TTO) baş direktoru, Tekstil Mühəndisliyi fakültəsinin müəllimi Recep Eren, TTO-nun baş direktorunun köməkçisi Nihal Sağlam, Bursa Ticarət və Sənaye Palatasının sədr müavini, “KromoGen” şirkətinin baş direktoru Murad Yazıcı daxildir.
Görüşdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, institutun elmi katibi Nərmin Adıgözəlova, sənədlərlə işlər şöbəsinin müdiri Dinara Zeynalova, eləcə də AR İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun nümayəndəsi iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd Bursa Uludağ Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında müvafiq sahələr üzrə elmi əməkdaşlıq münasibətlərinin qurulması, birgə layihələrin həyata keçirilməsinin müzakirəsindən ibarət olub.
Tədbirdə institutun icraçı direktoru, dosent R. Ələkbərov qonaqlara institutun inkişaf tarixi, həyata keçirilən innovativ layihələr, Big Data, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. əsas elmi tədqiqat istiqamətləri üzrə aparılan elmi tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq münasibətləri haqqında ətraflı məlumat verib. R. Ələkbərov İnstitutun ölkənin müxtəlif universitetləri ilə əməkdaşlıq etdiyini və bir sıra istiqamətlərdə işlər aparıldığını qeyd edib.
Bursa Uludağ Universitetinin fəaliyyət istiqamətləri haqqında məlumat verən TTO-nun baş direktoru Recep Eren Universitetin Türkiyənin qabaqcıl universitetləri arasında yer aldığını vurğulayıb. O, Texnologiyaların Transferi Ofisinin TÜBİTAK tərəfindən ULUTEK Teknoparkı ilə birgə universitet-sənaye əməkdaşlığı çərçivəsində 2012-ci ildə təsis edildiyini qeyd edib. Bildirib ki, TTO öz siyasətini universitet-sənaye əməkdaşlıq layihələri, tədqiqatçılar tərəfindən həyata keçirilən layihələr, texnologiya transferi, texnologiyanın kommersiyalaşdırılması, patent və müqavilələrin hazırlanması, inkubasiya və texnopark şirkətlərinin tədqiqatlarına maliyyə və hüquqi dəstək göstərilməsi istiqamətində həyata keçirir.
TTO-nun baş direktorunun köməkçisi Nihal Sağlam Bursa Uludağ Universitetində əldə edilən akademik biliklərin sənayeyə transferi istiqamətində görülən işlərdən bəhs edib, ikitərəfli müqavilələr əsasında bu istiqamətdə il ərzində 60-dan çox layihə üzərində çalışdıqlarını diqqətə çatdırıb. O, həmçinin universitetlərdə akademik heyət tərəfindən edilən kəşf və ixtiraların sənayedə tətbiqi ilə bağlı dəstək göstərdiklərini qeyd edib.
Daha sonra çıxış edən AZPROMO-nun nümayəndəsi Agentliyin qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib. O, AZPROMO-nun xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya qoyuluşunda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” prinsipi əsasında xidmət göstərmək və dəstək verməyi hədəflədiyini diqqətə çatdırıb. Nümayəndə Azərbaycanda fəaliyyət göstərən tədqiqat institutlarının texnologiyaların transferi sahəsində xarici investorlarla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edib, bu istiqamətdə təkliflərini səsləndirib.
Bursa Ticarət və Sənaye Palatasının sədr müavini Murad Yazıcı Azərbaycanda tədqiqat fəaliyyəti ilə məşğul olan qurumlarla tanışlığa böyük əhəmiyyət verdiklərini qeyd edib, tədqiqatçı və mütəxəssislərə patentlərin əldə edilməsində dəstək göstərdiklərini, universitet və sənaye müəssisələri arasında əlaqələndirici rolunu həyata keçirdiklərini deyib.
İnformasiya Texnologiyaları İnstitutunun müasir dövrün çağırışlarını özündə ehtiva edən, əsaslı elmi tədqiqatların aparılması üçün geniş imkanlara malik olduğunu deyən dosent R. Ələkbərov bu baxımdan institutun Bursa Uludağ Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olacağına inamını ifadə edib.
Görüşdə Bursa Uludağ Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin birgə layihələrin həyata keçirilməsində maraqlı olduqları diqqətə çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.