Məlum olduğu kimi, 27-29 avqust 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” mövzusunda IX beynəlxalq konfrans (The 9th International Conference on Control and Optimization with Industrial Applications - COIA 2024) keçirilir.
COIA 2024 İdarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılar üçün müzakirə və fikir mübadiləsi baxımından geniş imkanlar yaradır. Konfransda “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Qeyri-səlis idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifkasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlərdə məruzələr dinlənilir.
Hibrid formatda keçirilən konfransda həmçinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları məruzələrini təqdim ediblər.
Konfransda institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Süni intellektin kiberfiziki sistemlərin kiberdayanıqlığında rolu” mövzusunda məruzəni M. Həşimov təqdim edib.
Tədqiqatçı son dövrlər kiber-fiziki sistemlərdə kibertəhlükələrlə mübarizədə süni intellekt texnologiyalarından geniş istifadə edildiyini bildirib. O, süni intellektin kibertəhlükələri tez aşkar etməklə və onların avtomatik həllini təmin edən alətlər təqdim etməklə sistemin təhlükəsizliyini gücləndirmək imkanlarına malik olduğunu vurğulayıb. Məruzəçinin sözlərinə görə, kritik infrastrukturların (enerji paylayıcı şəbəkələr, ağıllı sistemlər, neft və qaz səneyisi, su infrastrukturu və s.) rəqəmsallaşdırılması onların səmərəli idarərəetməsini artırıb. Eyni zamanda sensorlara, icra mexanizmlərinə, şəbəkəyə və idarəetmə avadanlıqlarına kiberhücumçuların sayı da artıb. Tədqiqat işində kiber-fiziki sistemlərin kiberdayanıqlığının artırılmasında süni intellektin rolunun araşdırıldığını diqqətə çatdırıb. Həmçinin kiber-fiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarından istifadənin üstünlükləri və mənfi cəhətlərinin analiz edildiyini, süni intellekt vasitəsilə kiber-fiziki sistemlərdə kibertəhlükələrin aşkarlanması, təhlükəsizlik təhdidlərinin proqnozlaşdırılması və qarşısının alınması mexanizmlərinin təklif olunduğunu qeyd edib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.