Süni immun sistemlərinin kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi üzrə tədqiqatlar aparılıb

29 İyul 2024 - 10:44 | Konfranslar, İclaslar
Süni immun sistemlərinin kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi üzrə tədqiqatlar aparılıb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Süni immun sistemi (SİS) kompleks kibertəhlükəsizlik problemlərinin həlli üçün perspektivli və innovativ yanaşmadır. SİS-in anomaliyaların aşkarlanmasında istifadəsi sistemin normal davranışından cüzi kənarlaşmaları aşkarlamağa imkan verir, bu da ona ənənəvi metodların aşkar edə bilmədiyi mürəkkəb hücumları aşkar etməyə imkan verir. Bu sistem istifadəçi davranışını effektiv şəkildə izləyə və həssas məlumatların qorunması üçün vacib olan şübhəli fəaliyyətləri müəyyən edə bilər.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun informasiya təhlükəsizliyi problemləri üzrə elmi tədqiqatlar aparan şöbəsinin “Süni immun sistemləri və onların kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi perspektivləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarında məlumat verilib.

Məruzəni təqdim edən institutun baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev süni intellekt texnologiyalarının təhdidləri aşkar etmək üçün geniş istifadə olunduğunu deyib. Bildirib ki, kibercinayətkarların bu texnologiyaları hücumları avtomatlaşdırmaq məqsədilə istifadə etmək imkanları da mövcuddur. Məruzəçi qeyd edib ki, müasir dövrdə sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün onların kibertəhlükəsizlik səviyyəsinin süni immun sisteminə əsaslanan daha innovativ yanaşmalar istifadə etməklə artırılması məsələsi aktualdır.

O, immunologiyanın qısa tarixi haqqında məlumat verib, bioloji immun sistemin unikallıq, nümunənin tanınması, paylanmış aşkarlama, gücləndirici öyrənmə, dayanıqlıq və s. kimi əsas xüsusiyyətlərindən bəhs edib, onun SİS ilə oxşar və fərqli cəhətlərini diqqətə çatdırıb. R.Şıxəliyev SİS ilə bağlı tədqiqatlara 1980-ci illərin sonlarında başlanıldığını qeyd edərək,  bu sistemlərin 1990-cı illərin ortalarından sonlarına qədər müxtəlif elmi dairələrdə populyarlıq qazandığını, 2000-ci illərin əvvəllərində isə müxtəlif sahələrdə praktiki tətbiqini tapmağa başladığını diqqətə çatdırıb.

“Bu gün SİS aktiv və inkişaf edən tədqiqat sahəsi olaraq qalır və dərin təlim, sürü intellekti və mürəkkəb adaptiv sistemlər üzrə tədqiqatları əhatə edir”, - SİS-in əsas məqsədinin müxtəlif sahələrdə təhlükəsizlik problemlərini həll etmək üçün bioloji prosesləri və mexanizmləri təqlid etmək olduğunu vurğulayıb.

R.Şıxəliyev süni immun sisteminin əsas alqoritmlərindən bəhs edib, neqativ və klonal  seçim, immun şəbəkə və digər  alqoritmlərin xüsusiyyətlərini diqqətə çatdırıb. O, bu sistemlərin robotlar, idarəetmə, optimallaşdırma, neyron şəbəkə yanaşmaları, anomaliyaların aşkarlanması, agent-əsaslı yanaşmalar, təlim, induktiv problemlərin həlli, nümunələrin tanınması, kompüter modelləşdirməsi və digər sahələrdə tətbiq olunduğunu qeyd edib. Həmçinin bu sistemlərin kibertəhlükəsizlik sahəsində müdaxilələrin aşkarlanması sistemləri, zərərli proqramların aşkarlanması, şəbəkə təhlükəsizliyi, eləcə də fırıldaqçılığın aşkarlanması məqsədilə istifadə olunduğunu bildirib.

Əlavə edib ki, SİS-in kibertəhlükəsizlikdə tətbiqi adaptiv öyrənmə, anomaliyaların aşkarlanması, paylanmış aşkarlama, təhlükənin aşkarlanması və cavablandırılması üçün mərkəzləşdirilməmiş yanaşma, yeni kibertəhlükələrə qarşı dayanıqlıq, inkişaf edən təhdidlərə uyğunlaşma, paylanmış və mərkəzləşdirilməmiş arxitektura, avtonom cavab imkanları, o cümlədən yüksək aşkarlama dəqiqliyi kimi üstünlüklər təqdim edir.

Məruzəçi süni immun sisteminin çatışmazlıqlarını da nəzərə çatdıraraq, miqyaslaşma, SİS-in geniş miqyasda tətbiqində çətinliklər, hesablama xərclərinin yüksək olması, mövcud təhlükəsizlik sistemləri ilə inteqrasiya, aşkarlama dəqiqliyini yanlış pozitivlərlə balanslaşdırmaq, bəzi SİS alqoritmlərinin hesablama mürəkkəbliyi kimi bir sıra problemlərə rast gəlindiyini bildirib.

R.Şıxəliyev süni immun sisteminin kibertəhlükəsizlikdə tətbiqinin perspektivlərini də diqqətə çatdırıb. Bildirib ki, SİS sistemləri təhdidlərə cavab müddətlərini azaltmaq üçün avtonom insident reaksiyasını təmin edə bilər. Onun sözlərinə görə, bulud hesablamaları və Əşyaların İnterneti cihazlarının artması ilə SİS həlləri bu paylanmış mühitləri qorumaq üçün uyğunlaşmalıdır. SİS-in blokçeyn texnologiyası ilə inteqrasiyası isə təhlükəsiz məlumat mübadiləsi və təhlükələrin analizi kimi müxtəlif tətbiqlərdə təhlükəsizlik və şəffaflığı artıra bilər. Qeyd edib ki, SİS komponentlərinin şəbəkələr arasında əlaqə saxlamasına imkan verən paylanmış süni intellekt arxitekturalarının yaradılması da geniş perspektivlər təqdim edir.

Çıxışının sonunda R.Şıxəliyev süni immun sistemi problemlərini işıqlandıran elmi jurnallar, bu sahədə keçirilmiş konfranslar, çap olunmuş kitablar haqqında da məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, aktual elmi problemlərdən olan süni immun sistemlərinin tədqiqinin kibertəhlükəsizlik problemlərinin həlli baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akademik R.Əliquliyev kibertəhlükəsizlik kontekstində məlumatların Big Data texnologiyaları vasitəsilə analiz olunması ilə bu sistemlərin qiymətləndirilməsinin vacib məsələlərdən olduğunu qeyd edərək. kibertəhlükəsizliklə bağlı işlənilmiş monitorinq sisteminin alt sistemi kimi süni immun sistemləri ilə bağlı tədqiqatların dərinləşdirilməsi və əldə olunan nəticələrin nüfuzlu jurnallara təqdim olunması ilə bağlı tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.