İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar davam etdirilir.
Bu barədə şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2024-cü il üzrə 6 aylıq hesabatının müzakirəsi zamanı məlumat verib.
O, şöbədə İnformasiya texnologiyaları formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə görülən işlər məlumat verib. Bildirib ki, 6 ay ərzində “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” və “Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri” mövzusunda tədqiqatlar davam etdirilmiş, məqalə və tezislər hazırlanmışdır.
M.Hacırəhimova Big data mühitində ölkənin intellektual potensialının formalaşdırılmasının konseptual əsaslarının işlənməsi, makrosəviyyədə intellektual potensialın müxtəlif göstəricilər üzrə analizi modelinin işlənməsi, “Milli intellektual potensialın qiymətləndirilməsi metodikasının işlənməsi”, “İntellektual insan resurslarının miqrasiya problemləri”, eyni zamanda Azərbaycan Respublikasında elmi-kadrlar analitik - informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” və digər mövzularda aparılan tədqiqatlar, əldə olunan nəticələr haqqında məlumat verib.
O, şöbədə SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” qrant layihəsi çərçivəsində süni intellekt texnologiyaları və maşın təlimi metodlarının neft və qaz sənayesində tətbiqinə dair araşdırmaların aparıldığını deyib.
Şöbə müdiri yarım il ərzində elmi-praktiki, elmi-təşkilati, elmi-ekspertiza fəaliyyəti, elmmetrik göstəriclər, kadr hazırlığı, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, eləcə də tanınmış elmi jurnallarda məqalələrin nəşri ilə bağlı məlumatları diqqətə çatdırıb. 6-sı nüfuzlu beynəlxalq, 4-ü isə Ali Attestasiya Komissiyasının siyahısına daxil olan digər jurnallarda olmaqla ümumilikdə 10 məqalənin hazırlandığını nəzərə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə aparılan araşdırmaların aktual elmi problemlərə həsr olunduğunu vurğulayıb, eyni zamanda tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim tədqiqat nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunmasının zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.