İnstitutun şöbə müdiri Mədinə Səidovanı 75 illik yubileyi münasibətilə təbrik edirik!

30 May 2024 - 12:37 | Yubileylər

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova anadan olmasının 75 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edilib.

Elmi Şuranın iclasında bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev M.Səidovanı ürəkdən təbrik edib, onun yüksək peşəkarlıq səviyyəsi ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu söyləyib. Alim İnformasiya Texnologiyaları İnstitutunda 50 ildən artıq çalışdığı müddət ərzində M.Səidovanın məhsuldar fəaliyyəti ilə hər zaman fərqlənən dəyərli kadrlardan olduğunu, onun insanpərvərlik, əməksevərlik, təvazökarlıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətləri ilə kollektivdə böyük hörmət və rəğbət qazandığını diqqətə çatdırıb.

Alim yubilyarı institutun rəhbərliyi, Elmi Şurası və kollektivi adından təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı, həmçinin elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Sonra M.Səidova anadan olmasının 75 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edilib.

M.Səidova çıxış edərək akademik Rasim Əliquliyevə təşəkkür edib, institutda yaradılmış elmi mühitdə səmimi kollektivlə birlikdə çalışmaqdan son dərəcə məmnun olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, M.Səidova 1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. Həmin ildən böyük mühəndis, qrup rəhbəri və şöbə müdiri vəzifələrinədək yüksəlib. 

“RAİS-Azərbaycan” dövlət proqramı çərçivəsində respublikanın bir sıra nazirliklər və sənaye müəssisələrində müxtəlif təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olub. 

M.Səidova, həmçinin uzun illər İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi vəzifəsində çalışıb.

M.Səidova “Exlibris” şirkətinin Alephino proqram məhsulu vasitəsilə elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması ilə əlaqədar aparılan işlərə rəhbərlik edir. İnstitut əməkdaşlarının elmi əsərlərinin İntellektual İnformasiya Xidməti Sistemində yerləşdirilməsinə nəzarət, institutun əsas elmi problemləri üzrə əməkdaşlar tərəfindən nəşr olunan məqalələrin xülasələrinin (ekspres-informasiyalar) hazırlanmasında yaxından iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.