“İntellektual insan resurslarının cəlb edilməsi ilə bağlı inkişaf etmiş ölkələrin miqrasiya siyasəti” haqqında məruzə dinlənilib

20 May 2024 - 09:50 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn iclasda şöbə rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova seminarın “İntellektual insan resurslarının cəlb edilməsi ilə bağlı inkişaf etmiş ölkələrin miqrasiya siyasəti” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Məruzəni təqdim edən institutun əməkdaşı Aybəniz Əliyeva son onillikdə müxtəlif ölkələrin yüksəkixtisaslı miqrant işçilərin cəlb edilməsinə və saxlanmasına böyük maraq göstərdiyini qeyd edib. Bildirib ki, buna səbəb yüksəkixtisaslı işçilərin iqtisadi artımın, rəqabətqabiliyyətliliyin və innovasiyanın əsas hərəkətverici qüvvəsini təşkil etməsi, insan kapitalının iqtisadi inkişaf və artım üçün getdikcə daha çox əhəmiyyət kəsb etməsi, beynəlxalq istedadlar (istedadlı miqrantlar) uğrunda qlobal rəqabətin artması, eləcə də yüksəkixtisaslı işçilərin uyğun ölkələri sərbəst seçim imkanlarının olması və sairdir. İstedadlı miqrantların üç xüsusi kateqoriyasının intellektual potensialı xüsusilə yüksək qiymətləndirilir : 1)Ali təhsilli işçilər, 2)Beynəlxalq sahibkarlar və 3)Universitet tələbələri.

Sonra tədqiqatçı yüksək səviyyəli istedadların cari qlobal axtarışına səbəb olan amilləri sadalayıb. Bildirib ki, bunlara demoqrafik təzyiqlər, bacarıq çatışmazlığı, sahibkarlıq fəaliyyəti və biliklərin artırılması, daha güclü tədqiqatçı şəbəkəsinin qurulması tələbi, həmçinin əks miqrasiyanın qlobal tendensiyaları aiddir.

Məruzəçi beynəlxalq mobil tədqiqatçıların cəlb edilməsinin vacibliyinin iki aspektdə əks oluna biləcəyini də nəzərə çatdırıb. Onun sözlərinə görə, bu tədqiqatçı alimlər öz ölkələrinin elmi və texnoloji işçi qüvvəsinin keyfiyyətini yaxşılaşdıra bilər. Eyni zamanda onlar təyinat ölkələrinin beynəlxalq tədqiqat dairəsinin genişləndirilməsində həlledici rol oynayırlar.

Daha sonra rəsmi immiqrasiya sistemləri haqqında məlumat verən A.Əliyeva bildirib ki, inkişaf etmiş iqtisadiyyatlarda immiqrantların seçilməsi üçün iki əsas sistem geniş şəkildə istifadə olunur: “Bunlar “Bal sistemi” (Point-Based System) və “İşəgötürənin rəhbərlik etdiyi” (employer-led model) modeldir. Bal sistemi Kanada alimləri D.G Papademetriou, və M.Sumption tərəfindən irəli sürülmüş, daha sonra digər Avropa ölkələri tərəfindən tez bir zamanda qəbul edilmişdir. 2015-ci ildə bu iki sistemin xüsusiyyətlərini özündə birləşdirən “hibrid” istedad seçimi modeli təklif olunmuşdur”.

Tədqiqatçı öz çıxışında miqrasiya proseslərinə təsir edən amillərdən də bəhs edib. Vurğulayıb ki, iqtisadi uğurlarını bilik və innovasiyalar üzərində quran inkişaf etmiş ölkələr istedadlı və bacarıqlı şəxslərin ölkələrinin gələcək tərəqqisində əsas rol oynadığını dərk edərək istedadlar uğrunda getdikcə daha çox rəqabət aparırlar.

A.Əliyeva həmçinin ABŞ, Kanada, Almaniya, Yaponiya, Çin və s. ölkələrin miqrasiya siyasəti, OECD ölkələrində istedadların cəlbediciliyinin ölçülməsi və qiymətləndirilməsi barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.