Azərbaycan alimi beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

19 Mart 2024 - 12:55 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 14-15 mart 2024-cü il tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində onlayn formatda keçirilən “Interdisciplinary Science Studies” (Fənlərarası Elm Tədqiqatları) V beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib. Alim konfransda məruzəsinə görə sertifikatla təltif olunub.

Konfransda Ş.Mahmudovanın “Bulud hesablamalarında enerjiyə qənaət etmək üçün rəqəmsal əkizdən istifadə” (Using a digital twin to save energy in cloud computing) mövzusunda məruzəsi dinlənilib. Məqalədə bulud hesablamaları, onların xüsusiyyətləri və xidmətləri araşdırılıb, əlaqəli işlər və geniş yayılmış bulud hesablama modelləri, eləcə də bulud məlumat bazaları tədqiq edilib.

Tədqiqat çərçivəsində bulud hesablamalarında, proqnozlaşdırmada, həmçinin monitorinqdə proqram sisteminin effektivliyini artırmaq, istehsal vaxtını azaltmaq üçün rəqəmsal əkiz texnologiyalar, onların növləri və s. araşdırılıb. Bulud hesablamalarının üstünlükləri ilə yanaşı, çatışmazlıqları da müəyyən edilib.

Konfransda müxtəlif ölkələri təmsil edən alim və mütəxəssislər tərəfindən texnika, tibb, fizika-riyaziyyat elmləri, sosial və s. elm sahələri üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans materialları “Google Scholar” və “Digital Object Identifier” tərəfindən indeksləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.