IV Sənaye İnqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri araşdırılır

15 Mart 2024 - 11:17 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda cari ildə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IV Sənaye İnqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri” mövzusunda tədqiqat işi davam etdiriləcək.

Bu barədə institutun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova rəhbərlik etdiyi struktur bölmənin 2024-cü il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verib.

R.Mahmudova cari ildə rəhbərlik etdiyi struktur bölmədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri çərçivəsində “Jest informatikası: istiqamətləri, hədəfləri, texnologiyaları”, “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə də araşdırmaların aparılacağını söyləyib.

TİM-in rəhbəri həmçinin qeyd edib ki, müvafiq istiqamətdə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Azərbaycan Respublikasında Elmi kadrlar informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi”, “Azərbaycanda Big Data yönümlü müxtəlif xarakterli və təyinatlı informasiya resurslarının təhlili, onların kommersiyalaşdırılması potensialının tədqiqi və qiymətləndirilməsi” mövzuları üzrə tədqiqatlar  davam etdiriləcək.

Məruzəçi cari il ərzində Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlərdə, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda çapı nəzərdə tutulan məqalə və tezislər haqqında məlumat verib.

Daha sonra Mərkəzdə elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı üzrə planlaşdırılan işlərdən söz açan R.Mahmudova, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkil edilməsi, respublikanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda tələbələrin elmi-tədqiqat və istehsalat təcrübəsinin təşkili və s. istiqamətlərdə görüləcək işlərdən bəhs edib.

O, əməkdaşların elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı, elmin populyarlaşdırılması və təbliği sahəsində onların qarşısında dayanan vəzifələrlə bağlı həyata keçiriləcək tədbirlərdən də danışıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Mərkəzin fəaliyyət planına dair təklif və tövsiyələrini səsləndirib, struktur bölmənin elmi fəaliyyətinin gücləndirilməsi, aktual elmi problemləri əhatə edən tədqiqatların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Elmi Şuranın qərarı ilə struktur bölmənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.