İnstitutda elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar davam etdirilir

07 Mart 2024 - 14:22 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqaməti üzrə elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur.

Bu barədə institutun Elmi şurasının iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi struktur bölmənin 2024-cü il üzrə fəaliyyət planının müzakirəsində məlumat verib.

Şöbə müdiri qeyd edib ki, cari ildə struktur bölmənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətində icra olunan “Education 4.0 platformasında elektron təhsil sistemin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə Education 4.0 platformasında elektron təhsilin  formalaşmasının aktual elmi-nəzəri problemləri, bu platformada elektron təhsil üzrə qiymətləndirilmə metodlarının işlənilməsi, eləcə də tələbələrin cari və yekun test balları nəticələrinə əsaslanaraq klasterləşdirilməsi üsullarının tətbiqi məsələləri ilə bağlı tədqiqatlar aparılacaq.

Məruzəçi həmçinin “Education 4.0 platformasında elektron  təhsil mühitinin təşkili və intellektual idarə olunması proseslərinin modelləşdirilməsi” mövzusu üzrə Data Mining metodlarından istifadə etməklə İKT istiqaməti üzrə tədris proqramlarının strukturunun layihələndirilməsi, Education 4.0 platformasında Data Mining metodlarının istifadəsi ilə tədris proqramlarının strukturunun təkmilləşdirilməsi məsələlərinin araşdırılacağını, alqoritm, təklif və tövsiyələrin işləniləcəyini vurğulayıb.

F.Ağayev “Education 4.0 platformasında Data Mining texnologiyası əsasında elektron təhsilin formalaşdırılması problemlərinin təhlili”, “Education 4.0 platformasında elektron təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması”, o cümlədən “Education 4.0 platformasında rəqəmsal pedaqogika məsələləri” mövzularında aparılacaq tədqiqatlardan bəhs edib, tədqiqatların nəticələrinin beynəlxalq və respublika səviyyəli jurnallara təqdim olunmasının planlaşdırıldığını bildirib.

Şöbə müdiri həmçinin şöbənin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı 2024-cü ildə görüləcək tədbirləri diqqətə çatdırıb.

Fəaliyyət planına dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev Education 4.0 platformasında elektron təhsil mühitinin formalaşması istiqamətində dünyada mövcud olan yanaşmaların dərindən tədqiqinin əhəmiyyətini qeyd edib. R.Əliquliyev süni intellekt, bulud, rəqəmsal əkiz texnologiyalarını, kiberfiziki sistemləri tətbiq etməklə təhsilin kompüterləşməsi, informasiyalaşdırılması və intellektuallaşdırılması məsələlərinin müasir dövrdə təhsilin əsas problemlərindən olduğunu söyləyib. O, şöbədə distant təhsilin elmi-nəzəri əsaslarının və texnoloji aspektlərinin dərindən araşdırılmasının və distant təhsil məzmunun yaradılması, eləcə də iştirakçıların autentifikasiyası və biliklərinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlara geniş yer ayrılmasının vacibliyindən danışıb.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin fəaliyyət planı Elmi şuranın qərarı ilə qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.