Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri ilə bağlı tədqiqatlar davam etdiriləcək

05 Mart 2024 - 14:31 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında institutda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi, bu istiqamətdə proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi, eləcə də informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə 2024-cü il ərzində aparılaсaq tədqiqatlar barədə məruzə dinlənilib.

Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçiriləcək elmi seminar və s. ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verib.

T.Kazımov şöbədə icra olunan elmi-tədqiqat işləri üzrə məlumat verərək “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və modelin işlənməsi” mövzusu üzrə proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi üçün ekspert qiymətləndirmə metodunun işlənməsi, əks proqram mühəndisliyinin elmi-nəzəri əsasları, problemləri və perspektivlərinin araşdırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, “Proqram sistemlərinin layihələndirilməsi problemlərinin araşdırılması və təhlili”, “Yaşıl proqram sistemlərinin yaradılmasında ağıllı texnologiyalarlın tətbiqi məsələləri” mövzularında tədqiqatların aparılması da şöbənin cari il üzrə planına daxildir.

Sonra şöbə müdiri “Proqram sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi”, “Proqram sistemlərinin enerji  sərfiyyatının azaldılması üçün yaşıl kodlaşdırmadan istifadə edilməsi” mövzularında tədqiqatların aparılacağını diqqətə çatdırıb.

O, həmçinin “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması” problemi ilə bağlı Sənaye 4.0 şəraitində  kiber-fiziki sistemlər platformasında uşaqların fərdi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün  konsepsiyanın, eləcə də uşaqların internet təhlükəsizliyinin təmin edilməsi üçün milli ekosistemin işlənəcəyini qeyd edib.

T. Kazımov il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 6 məqalənin təqdim ediləcəyinii vurğulayıb.

Hesabat ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təqdim olunan fəaliyyət planı ilə bağlı öz təklif və tövsiyələrini səsləndirib. Akademik əks proqram mühəndisliyinin elmi-nəzəri əsasları, həmçinin “yaşıl” proqram sistemlərinin yaradılmasında “ağıllı” texnologiyaların tətbiqi məsələlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.