İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Computer Speech and Language” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
Nitq və dilçilik elmlərinin yaranması uzun illərə söykənir. Lakin nitq və dil sənayesi üzrə mürəkkəb modellərin geniş miqyasda tətbiqi yalnız son illərdə mümkün olmuşdur. Bu istiqamətdə tədqiqatlar süni intellekt, kompüter elmləri, elektron mühəndislik, informasiya axtarışı, linqvistika, fonetika və psixologiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Jurnalda nitq və dilçilik texnologiyalarının tədqiqi üzrə multidissiplinar yanaşmalar, icmal məqalələri nəşr olunur.
Jurnalın əsas tədqiqat istiqamətlərinə nitqin tanınması və sintezi üçün alqoritmlər və modellər, nitqin anlaşılması və yaradılması üçün təbii dilin emalı, statistik kompüter linqvistikası, danışıq və dialoqun hesablama modelləri, informasiya axtarışı, çıxarılması və ümumiləşdirilməsi, danışanın və dilin tanınması, nitqin istehsalı və qavrayışının hesablama modelləri, nitqin təhlili, təkmilləşdirilməsi və transformasiyası üçün siqnalların emalı, insan və kompüter sistemlərinin effektivliyinin qiymətləndirilməsi daxildir.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 4.3
Source Normalized Impact per Paper (SNIP): 1.832
CiteScore: 8.8
SCImago Journal Rank (SJR): 0.806
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.