“EaPConnect”in rəsmi saytında ölkəmizin RIPE87 tədbirində iştirakı ilə bağlı xəbər dərc olunub

08 Yanvar 2024 - 16:35 | Konfranslar, İclaslar

“EaPConnect”in saytında “AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi RIPE87 tədbirində Azərbaycanı təmsil edib” adlı xəbər dərc olunub (https://eapconnect.eu/stories/azsciencenet-represents-azerbaijan-at-ripe87/). Xəbərdə 27 noyabr – 1 dekabr tarixlərində İtaliyanın paytaxtı Romada keçirilmiş RIPE87 tədbirində AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin Azərbaycanın elm və təhsil ictimaiyyətini təmsil etməsi haqqında məlumat verilib.

Materialda qeyd olunub ki, 5 gün ərzində baş tutan tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev RIPE Şəbəkə Koordinasiya Mərkəzi tərəfindən internet nömrə resurslarının ayrılması üçün istifadə olunan siyasət və prosedurlara dair müzakirələrdə, eləcə də cari texniki və siyasi məsələləri müzakirə etmək üçün RIPE işçi qrupunun sessiyalarında iştirak ediblər. İnstitut əməkdaşları, həmçinin tədbir çərçivəsində keçirilən verilənlər bazası, domen adları sistemi, Ipv6, RIPE NCC xidməti, Əşyaların İnterneti üzrə plenar və işçi qrup iclaslarında fəal iştirak edərək dünyanın bir çox təşkilatlarından olan mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparıblar.

Tədbir RIPE Şəbəkə Koordinasiya Mərkəzi, ORACLE, CISCO, NTT Data və s. beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilib. 557 nəfər iştirakçının qatıldığı, 171 nəfər iştirakçının isə onlayn qoşulduğu RIPE87 tədbirində iştirakçılar öz təcrübələrini və bu sahədə ən son yenilikləri bölüşüblər.

Qeyd edək ki, RIPE tədbiri hər il bütün dünyadan internet xidmət provayderlərini, şəbəkə operatorlarını və digər maraqlı tərəfləri bir araya gətirir. Növbəti RIPE konfransının isə 20-24 may 2024-cü il tarixlərində Polşanın Krakov şəhərində keçirilməsi nəzərdə tutulur.

EaPConnect.eu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.