İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, eləcə də informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə cari il ərzində aparılan elmi-tədqiqat işləri ilə bağlı hesabat dinlənilib.
Hesabatı təqdim edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari ildə elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metodların və alqoritmlərin hazırlanması ilə bağlı tədqiqatların aparıldığını qeyd edib. Bildirib ki, bu mövzu üzrə OLAP əsaslı paylanmış elektron sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün blokçeyn texnologiyası, e-dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modeli işlənilib, eləcə də neyron şəbəkələrin istifadəsilə OLAP texnologiyanın intellektual imkanları araşdırılıb.
Məruzəçi diqqətə çatdırıb ki, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi ilə bağlı müxtəlif məqalə və tezislər hazırlanıb. Bu istiqamətdə milli terminoloji informasiya sistemi əsasında fərdlərin nitqlərinin populyarlıq səviyyəsinin qiymətləndirilməsi metodu, milli terminoloji informasiya sistemi əsasında fərdlərin peşə orientasiyasının avtomatik identifikasiyası metodu işlənilib, milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri tədqiq edilib.
Onun sözlərinə görə, şöbədə cari il ərzində virtual məkanda transliterasiya problemləri, milli transliterasiya sisteminin formalaşması aspektləri, transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanları araşdırılıb, eləcə də fars qrafikasından Azərbaycan dilinin qrafikasına transliterasiya üçün intellektual interfeys işlənilir.
Sonra şöbə rəhbəri qeyd edib ki, bu problem üzrə dil biliklərinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə qiymətləndirilməsi, beynəlxalq təcrübə əsasında Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri, müasir dövrdə Azərbaycan dilinin tədrisi və dil biliklərinin qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsini aktual edən zəruri amillər və təkliflərlə bağlı tədqiqatlar aparılıb, məqalə və tezislər hazırlanıb.
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə tədqiqatların aparıldığını da söyləyən G.Nəbibəyova bildirib ki, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi mövzusunda müəyyən araşdırmalar aparılıb. Milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması metodu, həmçinin milli informasiya təhlükəsizliyinin konseptual əsasları və arxitektur-texnoloji modeli işlənilib.
“Hesabat ili ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunmuşdur ki, bunlardan 4-ü nüfuzlu “Web of Science” və “Scopus” elmi bazalarına, 2-si isə respublika və digər ölkələrin Ali Attestasiya Komissiyalarının siyahısında olan jurnallara daxildir”, – deyə şöbə rəhbəri bildirib.
O, həmçinin şöbənin elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. barədə məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə, eləcə də digər istiqamətlərdə əsaslı tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.