İnstitutda Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir

22 Dekabr 2023 - 11:04 | Konfranslar, İclaslar

2023-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusu üzrə tədqiqatlar aparılıb. Mövzu üzrə ölkə səviyyəsində intellektual potensialın qiymətləndirilməsinin konseptual modeli, Big Data mühitində ölkənin intellektual resurslarının informasiya modeli, eləcə də makrosəviyyədə intellektual potensialın analizi üçün metodun işlənməsi istiqamətində aparılan tədqiqatların nəticələri nüfuzlu jurnallarda çap olunub.

Bu barədə texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova institutun Elmi şurasının iclasında rəhbərlik etdiyi struktur bölmənin 2023-cü il üzrə hesabatının müzakirəsi zamanı məlumat verib.

Hesabat dövründə şöbədə yerinə yetirilmiş elmi-tədqiqat işlərindən bəhs edən M.Hacırəhimova Big Data analitikası və Data Mining problemləri üzrə icra olunan “Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri” mövzusunda aparılan tədqiqatları diqqətə çatdırıb. O, tədqiqat işi çərçivəsində müvafiq sahədə mövcud vəziyyətin analiz olunduğunu, problemlərin müəyyənləşdirildiyini və bu istiqamətində tədqiqatların davam etdirildiyini diqqətə çatdırdı.

Məruzəçinin sözlərinə görə, cari ilin birinci yarısında şöbədə milli intellektual potensialın qiymətləndirilməsi metodikasının işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində intellektual potensialın qiymətləndirilməsi metodikalarının müqayisəli analizi aparılıb, ali təhsil və elmi qurumların intellektual potensialının müxtəlif meyarlar üzrə qiymətləndirilməsi metodikası işlənilib. Həmçinin intellektual insan resurslarının miqrasiya problemlərinin araşdırılması, zaman sıraları modelləşdirmə metodu əsasında ölkə üzrə intellektual insan resurslarının miqrasiyasının tədqiqi və proqnozlaşdırılması üçün alqoritmin işlənməsi istiqamətində tədqiqatlar davam etdirilir.

O, “Azərbaycan Respublikasında elmi-kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” mövzusu üzrə bu sistemin konseptual modelinin, eləcə də onun intellektuallaşdırılması üçün Data Mining texnologiyasının tətbiqi ilə alqoritmlərin işlənməsi ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.

M.Hacırəhimova “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” və s. kimi aktual mövzularda aparılmış tədqiqatların nəticələrini də nəzərə çatdırıb.

Şöbə müdiri hesabat dövründə yüksək beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına (WoS, Scopus) daxil olan jurnallarda 5, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyalarının siyahısına daxil olan jurnallarda 4, digər yüksək səviyyəli beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda 3 məqalənin nəşr olunduğunu qeyd edib. Şöbə müdiri respublika və beynəlxalq səviyyəli jurnallarda məqalə formatında 7 konfrans materialının dərc olunduğunu söyləyib.

Daha sonra məruzəçi rəhbərlik etdiyi şöbənin elmi-innovasiya (qrant layihəsində iştirak), elmi-pedaqoji (magistrlərə rəhbərlik və s.), elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, eləcə də beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə fəaliyyəti haqqında ətraflı məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda insan resurslarının idarəolunması məsələlərinin tərkib hissəsi olan intellektual potensialın qiymətləndirilməsi, fərdlərin, elmi təşkilatların monitorinqinin aparılması sisteminin işlənilməsi ilə bağlı icra olunan işlərin ölkə əhəmiyyətli tədqiqat işlərindən olduğunu qeyd edərək, müvafiq istiqamətdə tədqiqatların dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.