İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin digər sistemlərlə inteqrasiyası” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
İnstitutun baş mütəxəssisi Raqif İsmayılov tədqiqat işində “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasına konseptual yanaşmanın təklif edildiyini, sistemin əsas məsələlərinin formalaşdırıldığını və funksional imkanlarının şərh olunduğunu nəzərə çatdırıb. Bildirib ki, ölkə üzrə vahid informasiya məkanı əsasında təşkil edilmiş informasiya sistemi elmi potensialın inkişafı göstəricilərinin operativ analitik uçotunu və intellektual potensialın monitorinqini təmin edən proqram-informasiya kompleksi olaraq təqdim olunmuşdur.
Məruzəçi “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasının elmi kadrlar, aparılan elmi tədqiqatlar haqqında informasiya resurslarının formalaşdırılmasına və elmi informasiyanın əlçatanlığının təmin edilməsinə imkan verdiyini söyləyib. Qeyd edib ki, tədqiqatlar Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin bazası əsasında aparılmışdır. Sistemdən istifadə elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinə, təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasına şərait yaradır.
R. İsmayılov “Elmi kadrlar” sisteminin ümumi, idarəetmə və baza strukturu, inteqrasiya olunmuş sistemin funksional imkanları, digər sistemlərlə inteqrasiya üsulları, inteqrasiya üçün zəruri komponentlər və bu prosesdən alınan məlumatlar, monitorinq əsasında hesabatların əldə olunması, sistem üzrə axtarış kriteriyaları barədə ətraflı məlumat verib, eyni zamanda, inteqrasiya prosesinin arxitektur sxemini təqdim edib.
Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbə rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova məruzəyə dair fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.