İntellektual bulud sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi üçün modellər işlənilir

19 Oktyabr 2023 - 09:30 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva institutda keçirilən elmi seminarda “İntellektual bulud sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi üçün modellərin işlənməsi” adlı məruzə ilə çıxış edib.

Əvvəlcə mövzunun aktuallığından söz açan məruzəçi buludlarda kibertəhlükəsizliyin təmin edilməsi üçün öncə bulud sisteminin özünün strukturunun təsvir edilməsinin zəruri olduğunu bildirib. Qeyd edib ki, bu məqsədlə “NIST”, “IBM”, “Microsoft” kimi nəhəng təşkilatlar bulud texnologiyaları üçün etalon modellər təklif etmişlər. O, bulud sistemlərinin kibertəhlükəsizliyi sahəsində fəaliyyət göstərən nəhəng təşkilatlara məxsus arxitekturaların çatışmazlıqlarını ön plana çəkərək, bu problemlərin aradan qaldırılmasına xidmət edən yeni arxitektur model təklif etdiyini söyləyib.

Tədqiqatçının sözlərinə görə, bulud texnologiyalarının təhlükəsizliyinin təmin olunmasında ilk addım yaranan təhdidlərin dəqiq müəyyənləşdirilməsidir. Bu məqsədlə o, bulud texnologiyalarının servis modellərini və bulud üçün ortaq olan texnologiyaları əsas götürərək, bulud sisteminin təhlükəsizliyi üçün təklif etdiyi hücum modeli haqqında məlumat verib. Bu hücum modelində kibertəhlükəsizlik hücumlarının bulud sisteminə vuracağı təsirlər barədə danışıb: “Bulud sistemlərinin təhlükəsizliyinin təmin edilməsi həm fiziki məkandan, həm də kiberməkandan gələn hücumların qarşısının alınması üçün müxtəlif laylarda çoxsaylı müdafiə xətlərinin qurulmasını tələb edir”.

F.Abdullayeva təklif edilmiş modeldə bulud texnologiyalarının informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi çərçivəsində server imtinalarının aşkarlanması, fərdi məlumatların məxfiliyinin qorunması, kiberhücumların klasterləşdirilməsi, identifikatorların idarə edilməsi, inamın idarə edilməsi, anomaliyaların aşkarlanması, tapşırıqların planlaşdırılması, risklərin qiymətləndirilməsi, bulud təhlükəsizliyinin monitorinqi, sosial media mətnlərindən kibertəhdid verilənlərinin identifikasiyası və kibertəhdidlərin müəyyən edilməsi kimi məsələlərin həll olunduğunu söyləyib.

Bulud sistemlərinin kibertəhlükəsizliyi üzrə beynəlxalq standartlar və qanunvericilik aktları haqqında məlumat verən məruzəçi ölkəmizdə bu istiqamətdə standartların yaradılmasının zəruri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bulud sistemlərinin kiberdayanıqlılığının qiymətləndirilməsi üçün müxtəlif metrikalar istifadə edilir. Bu metrikalara imtinalara dözümlülük, risklərin qiymətləndirilməsi, inamın qiymətləndirilməsi və s. aid edilə bilər.

Bu faktorları nəzərə alaraq, intellektual bulud sistemləri üçün təklif etdiyi kiberdayanıqlılıq arxitekturasından danışan F.Abdullayeva qeyd edib ki, bu arxitekturanın məqsədi istənilən gözlənilməz hadisələrin təsiri altında olduqda belə sistemin etibarlı qalmasına, onun konfidensiallığının pozulmamasına, tamlığının qorunmasına və s. nail olmaqdır.

Sonra təqdim olunan mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev və digər əməkdaşlar müzakirələrdə iştirak edərək, müvafiq istiqamətdə dərin elmi araşdırmaların aparılması ilə bağlı fikirlərini bölüşüblər.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, institutda müxtəlif istiqamətlərdə aparılan fundamental tədqiqatların dövlət başçısı tərəfindən qəbul olunmuş bir sıra mühüm konseptual sənədlərdə diqqət ayrılan aktual problemlərə həsr olunduğunu bildirib: “AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş 28 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda da informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət üçün bulud xidmətlərinin inkişafı, genişlənməsi, onlara təhdidlərin artması və s. kimi məsələlərin araşdırılmasına xüsusi yer verilmişdir”.

Akademik Rasim Əliquliyev buludların yaradılması və bulud xidmətlərinin göstərilməsini tənzimləyən normativ-hüquqi bazanın, bu sahədə xarici təcrübə və beynəlxalq standartların araşdırılmasının vacibliyini qeyd edib. Alim müvafiq istiqamətdə əsaslı elmi tədqiqatların aparılması və əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu jurnallarda nəşr olunmasına dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.