İntellektual bulud sistemlərinin kiberdayanıqlılığı və kibertəhlükəsizliyinin təmini ilə bağlı mühüm nəticələr əldə olunub

05 Sentyabr 2023 - 12:57 | Yeni nəşrlər
İntellektual bulud sistemlərinin kiberdayanıqlılığı və kibertəhlükəsizliyinin təmini ilə bağlı mühüm nəticələr əldə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın müəllifi olduğu “İntellektual bulud sistemlərinin kibertəhlükəsizlik və kiberdayanıqlılıq məsələləri” (“Cyber resilience and cyber security issues of intelligent cloud computing systems”) adlı məqalə Niderland Krallığında fəaliyyət göstərən “Elsevier” nəşriyyatında dərc olunan “Results in Control and Optimization” jurnalında çap olunub.

Bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi onun strukturunu təşkil edən komponentlərə əsasən aparılmalıdır. Bu texnologiyanın kibertəhlükəsizliyinin təkmilləşdirilməsində ilk addım onun təhdidlərinin dəqiq müəyyənləşdirilməsidir. Məqalədə bulud texnologiyalarının ayrı-ayrı laylarını təşkil edən komponentlərdən ibarət bulud informasiya sisteminin yeni kibertəhlükəsizlik etalon modeli təklif edilmişdir. Yanaşmada virtuallaşma və xidmətlər layı, bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsində zəruri olan əsas komponentlər ətraflı təsvir olunmuş, bulud infrastrukturuna kiberhücumlar həyata keçirmək üçün hücumçular tərəfindən daxil edilən mətn tipli məlumatların toplandığı sosial media IoT sensor layı, buludun kiberdayanıqlılığı məsələləri daxil edilmişdir.

Məqalədə, həmçinin bulud sistemlərinin servis modellərinin kibertəhlükəsizlik məsələləri araşdırılmış, bulud texnologiyaları sistemlərinin təhlükəsizliyi üçün hücum modeli qurulmuşdur. Bulud texnologiyalarının kibertəhlükəsizliyi üzrə standartların və qanunvericilik aktlarının şərhi verilmişdir. Bulud sistemlərinin kibertəhlükəsizlik və kiberdayanıqlılıq anlayışlarına təhlükəsizlik aspektlərinə görə aydınlıq gətirilmişdir. İntellektual bulud sistemlərinin kiberdayanıqlılıq arxitekturası işlənmişdir. Təklif edilmiş kiberdayanıqlılıq modelində bulud sistemlərinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik aspektləri müəyyən edilir və onların birləşdirilməsi əsasında bulud sistemlərinin kiberdayanıqlılıq aspektləri formalaşdırılır.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant №3 LR-AMEA) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “Results in Control and Optimization” jurnalı “Süni İntellekt” kateqoriyasında 301 jurnal arasında 18-ci mövqedə qərarlaşıb. Jurnal “Scopus” beynəlxalq bazasında indeksləşir və aşağıdakı elmmetrik göstəricilərə malikdir:

CiteScore: 2.3

SCImago Journal Rank (SJR): 0.366

Source Normalized Impact per Paper (SNIP): 0.917

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.