İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2023-cü il üzrə yarımillik hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 6 ay ərzində aparılan elmi-tədqiqat işləri barədə məlumat verib.
G.Nəbibəyova şöbədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatların davam etdirildiyini bildirib.
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri çərçivəsində aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri “Elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metodların və alqoritmlərin işlənilməsi” adlı dissertasiya mövzusu üzrə mühüm nəticələrin əldə olunduğunu deyib.
G.Nəbibəyova Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiq edildiyini, “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin tamamlandığını nəzərə çatdırıb.
Sonra məruzəçi intellektual transliterasiya interfeyslərinin işlənilməsi, eyni zamanda İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və inkişafı mexanizmlərinin işlənilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrini təqdim edib.
O, şöbədə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri çərçivəsində “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusunda tədqiqatların davam etdirildiyini, 6 ay ərzində bir neçə məqalə və tezisin hazırlandığını diqqətə çatdırıb.
G.Nəbibəyova şöbədə Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlara başlanıldığını da bildirib.
Tanınmış elmi jurnallarda məqalələrin nəşri barədə məlumat verən şöbə müdiri 6 ay ərzində 5 məqalənin “Web of Science”, “Scopus”, “Springer” kimi nüfuzlu bazalara daxil olan jurnallara təqdim edildiyini, eyni zamanda 10 tezisin hazırlandığını söyləyib.
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı və gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Şöbə əməkdaşlarına növbəti 6 ay ərzində öz elmi fəaliyyətlərini daha da gücləndirməyi, yeni məqalələr hazırlamağı və aktual elmi problemlərə həsr olunmuş seminarlar keçirməyi tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.