Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilir

21 Avqust 2023 - 12:11 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə tədqiqatlar aparılır.

Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2023-cü il üzrə yarımillik hesabatının müzakirəsi zamanı məlumat verib.

M.Səidova “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə görülən işləri diqqətə çatdırıb. Bildirib ki, mövzu çərçivəsində saxta jurnalların identifikasiya metodları analiz olunmuş, istinadlar şəbəkəsi əsasında müəlliflərin qiymətləndirilməsi üçün metod işlənilmiş və eyni zamanda saxta jurnalların avtomatik identifikasiyası üçün alqoritmin işlənməsi istiqamətində tədqiqatlar aparılır.

Sonra o, “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzuları üzrə yerinə yetirilmiş işləri diqqətə çatdırıb.

M.Səidova cari il ərzində respublika səviyyəli, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda məqalələrin çapı ilə bağlı məlumatları təqdim edib. Həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda məruzələrlə çıxış etdiklərini söyləyib.

Şöbə müdiri institutun elmi istiqamətləri üzrə əməkdaşların nəşr edilmiş əsərlərinin xülasələrinin, “Jurnalogiya: akademik nəşr prosesinin aspektləri”, eləcə də “Web of Science-də jurnal qiymətləndirməsi və seçim meyarları” adlı ekspres-informasiyaların hazırlandığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Elmi informasiya və elmmetriya şöbəsinin yarımillik hesabatı ilə bağlı çıxış edərək şöbədə e-elmin formalaşması və elmmetriya problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla, eləcə də elmi-praktiki fəaliyyətlə bağlı öz təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.