XX əsrin ikinci yarısından başlayaraq, elm inkişaf etmiş ölkələrin iqtisadiyyatının əsas komponentlərindən biri hesab edilir. İqtisadi müstəqilliyini qoruyub saxlamağı və möhkəmləndirməyi qarşısına məqsəd qoyan ölkələr öz milli maraqlarına xidmət edən elm və təhsil siyasətlərini həyata keçirirlər. Məsələn, ABŞ-da milli elm dövlət nüfuzunun elementi kimi qəbul edilir. ABŞ-ın tədqiqat və inkişaf üzrə birinciliyi onun dünya liderliyinə iddialarını əsaslandırmaq üçün arqumentlərdən biri kimi çıxış edir. Son zamanlar digər inkişaf etmiş ölkələrdə də elmin səmərəliliyinin artırılması, elmi fəaliyyətin qiymətləndirilməsi üçün konkret göstəricilərin işlənib hazırlanması və s. kimi məsələlər daha da aktuallaşır.
İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin “Azərbaycanda intellektual potensialın qiymətləndirilməsində mövcud vəziyyətin analizi və problemlər” mövzusuna həsr olunmuş onlayn elmi seminarında bu barədə məlumat verilib.
Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova bildirib ki, intellektual potensial müəyyən cəmiyyətin inkişaf səviyyəsi, təhsil və maarif, elm, mədəniyyət sistemi və cəmiyyətin genetik fondu ilə müəyyən edilir. İntellektual potensial cəmiyyət tərəfindən toplanmış, istehsal proseslərində iştirak etmək və sahibinə gəlir gətirmək qabiliyyətinə malik olan ümumi intellektual resursdur.
Məruzəçi intellektual potensialın xüsusiyyətləri və onun strukturunun əsasını təşkil edən elmi-tədqiqat potensialı haqqında məlumat verib. Qeyd edib ki, elmi müəssisə və təşkilatlar elmi-tədqiqat sahəsi olduğundan elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsi ekspert təhlili, habelə elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsi üzrə göstəricilərin analizi və müqayisəsi əsasında həyata keçirilir.
R.Qasımova elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsi, məqsədi, mərhələləri və s. haqqında danışıb. Elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsində beynəlxalq təcrübədən söz açaraq, Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, İsveç, Almaniya, Çexiya, Fransa və Rusiya kimi ölkələrdə intellektual potensialın qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyət barədə məlumatı diqqətə çatdırıb.
Azərbaycanın elmi təşkilat və müəssisələrində elmi potensialın vəziyyətindən bəhs edən tədqiqatçının sözlərinə görə, ölkəmizdə təhsilin və elmin inkişafı, insan kapitalının daha da inkişaf etdirilməsi və intellektual potensialın gücləndirilməsi dövlət siyasətinin mühüm prioritetlərindəndir. Son illərdə elmin inkişafı sahəsində mövcud problemlərin kompleks həllinə xidmət edən konseptual sənədlər imzalanıb, mühüm qərarlar qəbul edilib. Hazırda rəqabətə davam gətirmək üçün hər hansı dövlət ərazisinə, əhalisinə, təbii resurslarına deyil, məhz intellektual potensialına istinad edir. Azərbaycan elminin beynəlxalq elmi mühitdə layiqincə təmsil olunmasını təmin etmək üçün böyük potensial mövcuddur. İqtisadi cəhətdən yüksək inkişaf dinamikasına malik olan Azərbaycan alimləri və intellektual elitası qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər dayanır. Hazırda Azərbaycan elminin və təhsilinin strategiyasını müəyyənləşdirən intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə zəngin təbii sərvətləri belə üstələyir.
“Aparılan araşdırmalar onu deməyə əsas verir ki, inkişaf etmiş ölkələrdə intellektual potensialın əsas elementləri hesab olunan təhsil və elmi-texniki fəaliyyətin qiymətləndirilməsi daha çox bibliometrik göstəricilər üzrə aparılır. Elmi-tədqiqat müəssisəsinin intellektual potensialını qiymətləndirərkən, elmi proses iştirakçılarının iyerarxiyasını və reytinqlərini dəqiq şəkildə tərtib etməyə imkan verən kompleks sistem yaradılmalıdır. Bu sistemdə kəmiyyət göstəriciləri amillərdən yalnız biri olmalıdır. Qiymətləndirmə zamanı elmi-tədqiqat müəssisəsinin keyfiyyət səviyyəsi və institutun inkişaf mərhələləri, eləcə də elmi fəaliyyətin müxtəlif aspektlərini əks etdirən bir sıra göstəricilər nəzərə alınmaqla, çoxölçülü təhlil əsasında qərar qəbul edilməlidir”, – deyə məruzəçi bildirib.
O, qeyd edib ki, intellektual potensialın qiymətləndirilməsi sahəsində intellektual potensialın ölçülməsinin əsas indikatorlarının tədqiq edilməsi, beynəlxalq təcrübənin dərindən öyrənilməsi, dünyada istifadə olunan modellərin Azərbaycan şəraitində tətbiq olunmasının mümkünlüyü böyük əhəmiyyət kəsb edir. Odur ki, müvafiq istiqamətdə fundamental və sistemli tədqiqatların aparılmasına ehtiyac vardır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda məruzəyə dair çıxış edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova intellektual potensialın qiymətləndirilməsi üzrə problemlərin daha dərindən araşdırılmasının önəmini qeyd edib, mövzu ilə bağlı aparılmış tədqiqatların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.