İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 6 saylı şöbənin 2023-cü il üzrə yarımillik hesabatı müzakirə olunub.
Hesabatı təqdim edən şöbənin rəhbəri, iqtisad elmləri doktoru Əlövsət Əliyev rəqəmsal tranformasiyalar, informasiya iqtisadiyyatı və cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib. Şöbə rəhbəri qeyd olunan istiqamət üzrə süni intellekt əsaslı rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin araşdırıldığını bildirib. O, hesabat dövründə “Rəqəmsal iqtisadiyyatın formalaşması və onun intellektuallaşdırılmasının konseptual və nəzəri əsaslarının inkişaf etdirilməsi” mövzusu üzrə rəqəmsal iqtisadiyyatın formalaşması və onun intellektuallaşdırılmasının əsas konseptual istiqamətləri, qlobal rəqəmsal transformasiya kontekstində milli iqtisadiyyatın kiberdayanıqlılığının yüksəldilməsi problemlərinin və həlli mexanizmlərinin tədqiqi, elektron kommersiya sistemlərinin araşdırılması və onların Sənaye 4.0 platformasında təkmilləşdirilməsi modellərinin işlənilməsi və s. ilə bağlı yeni konsepsiya və modellərin təklif olunduğunu, analitik icmal və tövsiyələrin hazırlandığını diqqətə çatdırıb.
“Rəqəmsal transformasiyalar və sirkulyar iqtisadiyyatın formalaşması şəraitində cəmiyyətin, iqtisadiyyatın və təbiətin qarşılıqlı effektiv inkişafı problemlərinin tədqiqi və həll mexanizmlərinin işlənilməsi” mövzusu üzrə informasiya cəmiyyətinin və sirkulyar iqtisadiyyatın inkişafında İKT avadanlıqlarının təkrar emalı bazarının xüsusiyyətləri, onun formalaşma prinsipləri və modellərinin, eləcə də cəmiyyətin süni intellekt əsasında yaşıl transformasiyası və iqlim dəyişikliyi problemlərinin həllində İKT-nin tətbiqinin konseptual əsaslarının tədqiq olunduğunu qeyd edib.
Ə.Əliyev yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının süni intellekt texnologiyaları əsasında formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi ilə bağlı yerinə yetirilmiş elmi-tədqiqat işlərini diqqətə çatdırıb. O, bu istiqamətdə süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması istiqamətində həlli mexanizmlərinin işlənildiyini, təhsil iqtisadiyyatının Sənaye 4.0 platforması əsasında iqtisadi səmərəliliyinin yüksəldilməsi problemlərinin araşdırıldığını və həlli mexanizmlərinin işlənildiyini, Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin təhlili və inkişaf səviyyəsinin yüksəldilməsi ilə bağlı tədqiqatların aparıldığını, Azərbaycanın internet mühitində kommersiya xarakterli informasiya resurslarının mübadiləsinin analiz edildiyini, eləcə də informasiya istehsalçısı və istehlakçısının qarşılıqlı münasibətlərinin ümumi iqtisadi inkişafa təsirinin tədqiq olunduğunu vurğulayıb.
Şöbə rəhbəri həmçinin “Müəssisələrin Sənaye 4.0 platformasında rəqəmsal innovasiyalaşdırılması problemlərinin tədqiqi və fəaliyyət səmərəliliyinin yüksəldilməsi perspektivləri” mövzusu üzrə icra olunmuş işlərdən bəhs edib. O, mövzu üzrə müəssisələrin Sənaye 4.0 platformasında transferinin iqtisadi səmərəliliyə təsiri və onun qiymətləndirilməsi göstəricilərinin işlənildiyini, müəssisələrin innovasiya fəaliyyətinin informasiya təminatı infrastrukturunun səmərəli formalaşması problemlərinin tədqiq olunduğunu və həlli mexanizmlərinin işlənildiyini, sənaye müəssisələrində dayanıqlı “ağıllı” istehsal sistemlərinin əsas xüsusiyyətləri və perspektiv inkişaf istiqamətlərinin analiz olunduğunu bildirib. Innovasiyalı müəssisələrin fəaliyyətinin təşkili və idarə olunmasında rəqəmsal əkiz texnologiyalarının tətbiqi məsələlərinin araşdırıldığını və postkonflikt regionlarda rəqəmsal transformasiya əsasında iqtisadiyyatın və innovativ mühitin formalaşması mexanizmlərinin işlənildiyini də diqqətə çatdırıb.
Ə.Əliyev hesabat dövründə beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan jurnallarda 3, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan jurnallarda 4 məqalənin işıq üzü gördüyünü qeyd edib. Şöbə müdiri həmçinin respublika və beynəlxalq səviyyəli jurnallarda 10 konfrans materialının dərc olunduğunu, “İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı 532 səhifə həcmi olan monoqrafiyanın nəşr olunduğunu diqqətə çatdırıb. O, eyni zamanda qarşıdakı dövrlərdə süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemlərinə həsr olunmuş monoqrafiya üzərində işlərə başlanıldığını bildirib.
Hesabata dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə ölkəmizdə İKT avadanlıqlarının təkrar emalı bazarının yaradılmasının informasiya cəmiyyətinin və sirkulyar iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətini qeyd edib. İnstitutun baş direktoru bu sahənin hüquqi prosedurları, iqtisadi stimulyasiyasının həyata keçirilməsi, eləcə də biznes sektorunun yaradılması məsələlərinə böyük diqqət ayrılmasının zəruri məsələlərdən olduğunu qeyd edib. Akademik Rasim Əliquliyev rəqəmsal texnologiyalar kontekstində İKT avadanlıqlarının təkrar emalı bazarının xüsusiyyətləri, ondan təkrar istifadə zərurəti və onların iqtisadi səmərəliliyi perspektivlərinə dair tədqiqatların aparılmasının əhəmiyyətinə toxunub. Alim eyni zamanda şöbənin əsas diqqətinin süni intellekt texnologiyalarının iqtisadi proseslərdə tətbiqi problemlərinə yönəltməsinin vacibliyini də qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.