Zərərli proqram nümunələrinin aşkarlanmasında Generativ Rəqib Şəbəkələrin rolu araşdırılır

06 İyun 2023 - 12:19 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarında “Zərərli proqram nümunələrinin Generativ Rəqib Şəbəkələr vasitəsilə generasiyası” mövzusunda məruzə dinlənilib.

Məruzəni institutun dissertantı Elşən Bağırov təqdim edərək ənənəvi aşkarlama üsullarının və antivirusların yetərsiz olması, zərərli proqramların aşkarlanması üçün istifadə edilən verilənlər toplusunun azlığı və ya qeyri-bərabər paylanması, zərərli proqramları aşkarlayan sistemlərin dayanıqlığının test edilməsi, təsvirlərin əlamətlərinin çıxarılması, məxfiliyin qorunmasının mövzunun aktuallığını şərtləndirən amillərdən olduğunu bildirib.

E.Bağırov Generativ Rəqib Şəbəkələrin (GRŞ) generator və diskriminator kimi neyron şəbəkələrin birləşməsindən ibarət olduğunu deyib, dünyada bu istiqamətdə tədqiqatlara 2014-cü ildə başlanıldığını qeyd edib. O, GRŞ-nin müxtəlif tətbiq sahələri haqqında məlumat verərək bu şəbəkələrin mətnlərin təsvirlərə çevrilməsi, verilənlərin çoxaldılması, video-generasiya, eləcə də 3D-obyektlərin generasiyası məqsədilə istifadə olunduğunu diqqətə çatdırıb.

O, həmçinin dərin təlimdə mövcud nümunələr əsasında müxtəlif çevirmə üsullarını tətbiq etməklə verilənlər toplusunun sayını və müxtəlifliyini süni şəkildə artırmaq üçün istifadə edilən verilənlərin çoxaldılması üsulu barədə danışıb, real verilənlər toplusunun az sayda, qeyri-bərabər paylanmış və ya real verilənlərin paylanmasını yetərincə əks etdirmədikdə istifadə edildiyini vurğulayıb. Əlavə edib ki, əsas məqsəd maşın öyrənmə modellərinin dəqiqliyinin, dayanıqlığının və ümumiləşdirmə potensialının artırılmasıdır.

“Generativ Rəqib Şəbəkələr vasitəsilə zərərli proqramların aşkarlanması kontekstində əlamətlərin öyrənilməsi dedikdə generator şəbəkəsinin real zərərli proqramlara xas olan əlamətləri generasiya etməsi başa düşülür”, - deyə məruzəçi qeyd edib. O, zərərli proqramların aşkarlanması üçün GRŞ-in tətbiqinin yüksək nəticələr əldə etməyə imkan verdiyini qeyd edib, həmçinin rast gəlinən çatışmazlıqları da diqqətə çatdırıb. E.Bağırovun sözlərinə görə, GRŞ-də generatorun öyrədilməsi üçün müxtəlif növ zərərli proqramlar tələb edilməsi, o cümlədən zərərli proqramların təbiətinin zaman keçdikcə dinamik olaraq dəyişməsi əsas çatışmazlıqlar hesab olunur.

Məruzəçi çıxışının sonunda bildirib ki, gələcək tədqiqatlarda zərərli proqramların aşkarlanması üçün GRŞ-in əlamətlərin çıxarılması, anomaliyaların aşkarlanması və nümunələrin çoxaldılması imkanlarından istifadə etməklə aşkarlama modeli qurularaq qiymətləndirilməsi aparılacaq.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev aktual elmi problemlərdən olan zərərli proqram nümunələrinin generasiyası məsələlərinə həsr olunmuş tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib, bu istiqamətdə aparılan tədqiqatların eksperimentlərlə yoxlanılması ilə bağlı təkliflərini verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.