BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin 2018-ci ildə apardığı araşdırmaların nəticələrinə görə, 1950-ci illərdə dünya əhalisinin təxminən 30%-i, 2014-cü ildə isə 55%-i şəhərlərdə yaşayıb. Bu tədqiqatlara əsasən, 2030-cu ilədək dünya əhalisinin 60%-nin, 2050-ci ilədək isə 70%-nin müasir şəhərlərdə məskunlaşacağı proqnoz edilir. Mütəxəssislərin fikrincə, burada yeganə çıxış yolu “ağıllı” şəhərlərdir.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov 3 saylı şöbənin növbəti onlayn elmi seminarında “Ağıllı” şəhər mühitində kritik infrastrukturların kibertəhlükəsizlik problemləri” mövzusunda məruzəni təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, “ağıllı” şəhər informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilir. “Ağıllı” şəhərin yaradılmasında məqsəd vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq və şəhər xidmətlərinin effektivlik səviyyəsini artırmaqdır.
“Ağıllı” şəhərin perspektivləri haqqında məlumat verən M.Həşimov qeyd edib ki, iqtisadi baxımdan “ağıllı” şəhərlər innovasiyaları stimullaşdıra və yeni biznes imkanları yarada bilər: “Bu şəhərlər, həmçinin nəqliyyat və enerji kimi ictimai xidmətlərin səmərəliliyini artıra bilər ki, bu da xərclərə qənaət və iqtisadi artıma gətirib çıxarır. Sosial nöqteyi-nəzərdən “ağıllı” şəhərlər ictimai xidmətlərə çıxışı yaxşılaşdırmaq və urbanizasiyanın çirklənmə və nəqliyyat sıxlığı kimi mənfi təsirlərini azaltmaqla öz vətəndaşlarının həyat keyfiyyətini artıra bilər. Ətraf mühit baxımından isə bu şəhərlər karbon emissiyalarını azaltmaqla və resurs səmərəliliyini artırmaqla davamlılığı təşviq edə bilər. “Ağıllı” şəhərin komponentlərinə “ağıllı” infrastruktur, “ağıllı” mobillik, “ağıllı” enerji, “ağıllı” mühit, “ağıllı” idarəetmə və “ağıllı” iqtisadiyyat daxildir”.
Sonra tədqiqatçı “ağıllı” şəhər və kritik infrastrukturlar haqqında söz açaraq kritik infrastrukturların cəmiyyət üçün xüsusilə vacib hesab edilən, müstəsna əhəmiyyətli, strateji təyinatlı infrastrukturlar olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, təbii və ya süni təsirlər nəticəsində fəaliyyətlərində ciddi risklərlə üzləşən kritik infrastrukturlar cəmiyyətin sabitliyi, idarə edilməsi və müdafiə qabiliyyəti üçün böyük təhlükə mənbəyi ola bilərlər.
O, qeyd edib ki, “ağıllı” şəhərlərdə kritik infrastrukturlar bir-biri ilə əlaqəli olması və İKT-dən asılılığı ilə xarakterizə olunur. İKT-nin “ağıllı” şəhərlərdə kritik infrastrukturlara inteqrasiyası yeni kibertəhlükəsizlik riskləri yaradır. Bu riskləri texniki və insanla əlaqəli risklər olmaqla iki kateqoriyaya bölmək olar. Texniki risklər kritik infrastrukturlarda istifadə olunan aparat və proqram təminatındakı zəifliklərlə bağlıdır. İnsanla əlaqəli risklər isə işçilərin və geniş ictimaiyyətin davranışı ilə əlaqələndirilir.
Daha sonra məruzəçi “ağıllı” şəhərlərdə kibertəhlükəsizlik risklərinin meydana çıxmasının bəzi səbəblərinin olduğunu nəzərə çatdırıb. Bildirib ki, bunlara standartlaşdırmanın olmaması, məhdud kibertəhlükəsizlik təcrübəsi, qeyri-kafi təhlükəsizlik tədbirləri və s. aiddir.
“Ağıllı” şəhər mühitində istifadə edilən bəzi kiberhücumlardan bəhs edən məruzəçi söyləyib ki, “ağıllı” nəqliyyat infrastrukturu DoS (Deniel-of-service attacks) hücumlarının ən çox yayılmış hədəfidir. Bu hücum sistemin çökməsinə və ya əlçatmaz olmasına səbəb olur. Vurğulayıb ki, kibercinayətkarlar DoS hücumuna çox bənzəyən, lakin birdən çox kompüter vasitəsilə reallaşdırılan paylanmış xidmətdən imtina hücumlarını (ing. Distributed DoS, DDoS) da həyata keçirirlər. Bəzi hallarda hər iki üsul eyni anda tətbiq edilir. Bu hücümlara Blackhole, Sybil attack, passiv dinləmə hücumu, zərərli proqram və s.daxildir.
M.Həşimov bildirib ki, şəhər konsepsiyasını əhatə edən xidmətlərin kritik əhəmiyyətə malik olması səbəbi ilə onların təhlükəsizliyinə və etibarlılığına xüsusi tələblər irəli sürülür. Kibertəhlükəsizlik problemlərinin həlli üçün köhnə sistemlərin təkmilləşdirilməsi, hərtərəfli kibertəhlükəsizlik strategiyasının hazırlanması, kibertəhlükəsizlik ekspertləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. tədbirlər görülməlidir.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib. “Ağıllı” şəhər mühitində kibertəhlükəsizlik problemlərinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini, bu istiqamətində aparılan araşdırmaların dərinləşdirilməsi və nüfuzlu beynəlxalq bazalarda indeksləşən elmi jurnallarda yeni məqalələrin dərc olunmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.