İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin “Rəqəmsal tibb mühitində sosial şəbəkələrin sentiment analizi” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Nərgiz Şıxəliyeva öncə tibbin rəqəmsal transformasiyası haqqında məlumat verib. Bildirib ki, bugün tibbin rəqəmsal transformasiyası geniş spektrdə yeni məsələlərin həllinə təkan verir. Bu məsələlərdən biri də tibbi sosial media mühitində fəaliyyət göstərən müxtəlif aktorlar arasında olan münasibətlərin süni intellekt metodlarının tətbiqi ilə analizidir. Belə ki, sosial media və rəqəmsal tibbin inteqrasiyası tibb müəssisələrinin, həkimlərin və pasiyentlərin virtual məkanda müxtəlif tibbi münasibətlərin formalaşmasına zəmin yaradır.
Onun sözlərinə görə, sosial şəbəkələrdə istifadəçilər tərəfindən yaradılan kontentin həcmi insanın təhlil edə bilməsi üçün çox böyükdür. Bu məqsədlə kompüter linqvistikası, müxtəlif sentiment analiz üsullarından geniş istifadə olunur. Bu yanaşmalar əsasında müəllif rəylərinin pozitiv, neqativ, neytral olub-olmadığını qiymətləndirmək üçün maşın təlimi metodları istifadə edilir.
Sonra məruzəçi tibbi sentiment analizin, əsasən, klinik qeydlərin qiymətləndirilməsində və tibbi qərarların qəbul olunmasını dəstəkləyən sistemlərdə istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, mətnlərdəki emosiyaları təhlil edərək, onların tonallığını aşkarlamaq mümkündür. İfadə edilən fikirlər isə demək olar ki, insanın bütün fəaliyyətlərində əsas yer tutur və davranışımıza təsir edən əsas amildir.
Tədqiqatçı bildirib ki, Python mühitində aparılmış hibrid sentiment analizin aparılmasında VADER leksikonundan, MultinomialNB və SVM maşın təlimi modellərindən istifadə edilmişdir. Həmçinin, o qeyd etdi ki, qurulmuş MultinomialNB maşın təlimi modelinin tətbiqi ilə 96%, SVM maşın təlimi modelinin istifadəsi ilə 97% dəqiqlik əldə olunmuşdur.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Sonda şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova çıxış edərək mövzuya dair fikirlərini bölüşüblər, gənc tədqiqatçıya müvafiq istiqamətdə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.